26 İyun – Azərbaycan Silahlı Qüvvələri Günü münasibətilə bölgələrdə müxtəlif tədbirlər keçirilib.

Ağstafada fəaliyyət göstərən mədəniyyət müəssisələrinin birgə təşkilatçılığı ilə "Ordumuz qürur mənbəyimizdir!" mövzusunda tədbir keçirilib. Azərbaycan Silahlı Qüvvələri Gününün tarixi, ölkəmizdə ordu quruculuğu prosesi, mərhələləri, 44 günlük Vətən müharibəsində rəşadətli Ordumuzun qazandığı şanlı Zəfərin Azərbaycan tarixindəki yeri və əhəmiyyəti haqqında məlumat verilib.

Qazax rayon Heydər Əliyev Mərkəzində keçirilən “Ordu quruculuğunun banisi – Heydər Əliyev” mövzusundakı tədbirdə ölkəmizdə silahlı qüvvələrin yaranma tarixindən və inkişaf dövrlərindən bəhs edən film nümayiş olunub.

Tovuz rayon Düz Qırıqlı kənd Uşaq musiqi məktəbində “Biz qayıtmışıq!” başlıqlı dəyirmi masa keçirilib. Çıxışlarda Azərbaycan Ordusunun güc və qüdrətinin təbliği, Vətənə məhəbbətin tərənnümü, həmçinin gənc nəslin vətənpərvərlik ruhunda yetişməsi istiqamətində təhsil işçilərinin üzərinə mühüm vəzifələrin düşdüyü vurğulanıb.

***

Gəncə şəhər Mir Cəlal Paşayevin Ev-Muzeyində "Yenilməz Ordumuz" adlı tədbir təşkil olunub. Gəncə şəhər Uşaq incəsənət məktəbinin müəllim və şagirdləri vətənpərvər ruhlu mahnılar ifa ediblər.

Goranboy Dövlət Rəsm Qalereyası Silahlı Qüvvələr Gününə həsr olunmuş rəsm sərgisi təşkil edib.

Goranboy rayon Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə mövzu ilə bağlı videoçarx nümayiş olunub.

Gəncə RMİ-nin tabeliyindəki digər mədəniyyət müəssisələrində də əlamətdar günlə bağlı tədbirlər təşkil edilib.

***

Kürdəmir Dövlət Rəsm Qalereyası və rayon Mərkəzi Kitabxanasının birgə təşkilatçılığı ilə “Millətin milli ruhu – Azərbaycan əsgəri” adlı tədbir keçirilib. Çıxış edənlər Azərbaycan Ordusunun dünyanın ən güclü orduları sırasında yer almasından, Vətən müharibəsində qazanılmış parlaq Qələbəsindən söhbət açıblar. Məktəblilər Azərbaycan, Zəfər və vətənpərvərlik haqqında şeirlər söyləyiblər. Kürdəmir Dövlət Rəsm Qalereyasındakı dərnək üzvlərinin əl işlərindən ibarət rəsm sərgisi və Silahlı Qüvvələr Gününə həsr olunmuş videoçarx nümayiş olunub.

***

Şəki şəhər MKS-nin R.Əfəndiyev adına 4 nömrəli kitabxana filialı və Rəşid bəy Əfəndiyevin Ev-Muzeyinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev və Ordumuz” mövzusunda tədbir keçirilib. Silahlı Qüvvələr Gününün yaranma tarixi, həmçinin Ulu öndər Heydər Əliyevin ordu quruculuğu sahəsində müstəsna fəaliyyəti haqqında məlumat verilib.

Balakən Rayon Tarix-Diyarşünaslıq Muzeyində Silahlı Qüvvələr Günü münasibətilə Vətən müharibəsi iştirakçıları və gənclərlə görüş təşkil olunub. Çıxış edənlər Silahlı Qüvvələr Gününün yaranmasının xalqın iradəsinin təcəssümü olduğunu vurğulayıblar. Sonra vətənpərvərlik mövzusunda şeirlər və mahnılar səsləndirilib.

Hazırladı: N.Məmmədli