105 yaşlı Azərbaycan Ordusunun bayramı – Silahlı Qüvvələr Günü münasibətilə bölgələrdə müxtəlif tədbirlər keçirilib, Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan ordu quruculuğunun Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyəti və siyasi səriştəsi ilə uğurla davam etdirildiyi vurğulanıb.

Ağdam rayon MKS-nin 3 nömrəli Baş Qərvənd kənd kitabxanası və Yusifcanlı kənd Mədəniyyət evinin birgə təşkilatçılığı ilə “Ordun varsa, yurdun var!” adlı tədbir keçirilib.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Çıxış edənlər Silahlı Qüvvələr Gününün yaranma tarixi haqqında məlumat verib, şanlı Ordumuzun Vətən müharibəsi zamanı əldə etdiyi Zəfərdən danışıblar.

Sonda Qasımbəyli qəsəbə tam orta məktəbinin şagirdləri mahnılar və şeirlər söyləyiblər.

***

Cəlilabad rayonundakı N saylı hərbi hissədə keçirilən tədbirdə Masallı RMİ-nin Cəlilabad rayonu üzrə nümayəndəsi Elnur Atakişiyev çıxış edərək rayonun mədəniyyət ictimaiyyəti adından hərbi hissənin şəxsi heyətini Silahlı Qüvvələr Günü münasibətilə təbrik edib. O, Silahlı Qüvvələr Gününün Prezident, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun yaratdığı yeni reallıqlar şəraitində, Zəfər ruhu ilə qeyd olunduğunu deyib.

***

Yevlax şəhər Heydər Əliyev Mərkəzi Silahlı Qüvvələr Günü münasibətilə Vətən müharibəsi qaziləri və zabitlərlə görüş keçirib.

Əvvəlcə ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Mərkəzin direktoru Aygün Qasımova qeyd edib ki, Silahlı Qüvvələr Günü ərəfəsində Vətən uğrunda döyüşən qəhrəmanlarımızla bir arada olmaq, onların döyüş yolu haqqında məlumat əldə etmək qürurvericidir. 44 günlük Vətən savaşında adını dünya hərb tarixinə yazdıran Ordumuz Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu ordu quruculuğu siyasəti sayəsində yetişən və formalaşan nəslin nümayəndələrindən ibarətdir.

Digər çıxışlarda da Ordumuzun yaranma tarixindən, vətənpərvərlik təbliğatından, dövlətimizin siyasi-ideoloji sahədə həyata keçirdiyi strateji fəaliyyətlərdən, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qazandığı uğurlardan söhbət açıblar.

Vətən müharibəsi qaziləri dövlət tərəfindən onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Sonda Qızıl Aypara Cəmiyyətinin Yevlax şəhər bölməsinin sədri Həbibə Məmmədova Silahlı Qüvvələr Günü münasibəti təbriklərini çatdırıb, görüşə qatılan hərbçilərə bayram hədiyyələri təqdim edib.

Hazırladı: N.Məmmədli