İyulun 3-də Uşaq İncəsənət Festivalının ikinci – regional mərhələsi başlanacaq.

Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyi və Heydər Əliyev Mərkəzinin birgə təşkil etdiyi, "BP Azerbaijan" şirkətinin baş sponsorluğu ilə keçirilən Uşaq İncəsənət Festivalının regional mərhələsi Azərbaycan Respublikasının 14 iqtisadi-coğrafi rayonunun 14 şəhəri üzrə 26 məntəqədə keçiriləcək.

Birinci mərhələdə iştirak edən şəxslər ikinci mərhələyə keçmələri, o cümlədən festivalda iştirakın müəyyən edilən vaxtı və məkanı haqqında məlumatları www.uif.az rəsmi internet portalından əldə edə bilərlər. Bunun üçün www.uif.az saytına daxil olaraq “II mərhələ” bölməsinə keçid edərək iştirakçının qeydiyyat kodunu və ya şəxsiyyət vəsiqəsinin FİN nömrəsini yazmaq lazımdır.

Festival məkanına gələrkən şəxsiyyətinizi təsdiq edən sənədi və iştirak məlumatlarınızın çap olunmuş formatını özünüzlə gətirməyiniz xahiş olunur.

Qeyd edək ki, üç turdan ibarət, 21 nominasiyada üç yaş qrupu (6-9 yaş, 10-13 yaş və 14-17 yaş) üzrə keçirilən festivala respublikamızın bütün rayon və şəhərlərindən, o cümlədən Naxçıvan Muxtar Respublikasından 27 minədək iştirakçı müraciət edib. Peşəkar və həvəskar kateqoriyaları üzrə keçirilən festivalın birinci mərhələsi aprel-iyun aylarını əhatə edib. II mərhələ iyul-avqust aylarında reallaşacaq. Bu mərhələnin qalibləri final mərhələsində iştirak hüququ əldə edəcəklər.

Final mərhələsinin sentyabr ayında Bakıda keçirilməsi nəzərdə tutulur. Finalın yeri, tarixi və vaxtı festivalın uif.az portalında, eləcə də kütləvi informasiya vasitələrində elan olunacaq.

Festivalın yekununda ən çox nominasiya üzrə iştirak etmiş və fəallıq göstərmiş şəhər və ya rayon növbəti il festivala ev sahibliyi hüququ qazanacaq.