İyunun 29-da Akademik Milli Dram Teatrının baş rəssamı, Dövlət mükafatı laureatı, Xalq rəssamı Nazim Bəykişiyevin 75 yaşı tamam olub.

Mədəniyyət naziri Adil Kərimli bu münasibətlə sənətkarı təbrik edib. Təbrik məktubunda yubilyarın təsviri sənət və teatr sənəti sahəsində xidmətləri yüksək dəyərləndirilib.

Nazim Bəykişiyevin 75 illik yubileyi Milli Dram Teatrında qeyd olunub. Rəssama Mədəniyyət İşçiləri Həmkarlar Komitəsi və Akademik Milli Dram Teatrının adından təbrik məktubu, mükafat təqdim olunub.

Teatrın bədii rəhbəri Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə, direktor əvəzi Əməkdar mədəniyyət işçisi İlham Əsgərov, teatrşünas, professor Məryəm Əlizadə Nazim Bəykişiyevin yaradıcılığı haqqında danışıb, onun yüksək peşəkarlıqla tərtibat verdiyi tamaşalardan bəhs ediblər.

Qeyd olunub ki, Nazim Bəykişiyevin milli teatr sahəsindəki xidmətləri və uzunillik yaradıcılıq fəaliyyəti yüksək qiymətləndirilib. O, 1984-cü ildə Dövlət mükafatına, 2002-ci ildə “Əməkdar rəssam”, 2006-cı ildə “Xalq rəssamı” fəxri adlarına layiq görülüb. 2009-cu ildən Prezidentin fərdi təqaüdçüsüdür.

Diqqətə çatdırılıb ki, Nazim Bəykişiyev Sumqayıt Dövlət Dram Teatrında quruluşçu rəssam (1978-1980), Musiqili Komediya Teatrında (1980-1991) və Gənclər Teatrında (1991-2001) baş rəssam kimi bir çox səhnə əsərlərinə bədii tərtibat verib. 2001-ci ildən Akademik Milli Dram Teatrının baş rəssamıdır. Bu sənət ocağında S.Rəhmanın “Əliqulu evlənir”, H.Cavidin “İblis” və “Afət”, M.F.Axundzadənin “Lənkəran xanının vəziri” və “Müsyö Jordan və dərviş Məstəli şah”, V.Səmədoğlunun “Yayda qartopu oyunu”, V.Şekspirin “Hamlet”, O.İoselianinin “Kaş araba aşmayaydı!”, J.Koktonun “İnsan səsi”, A.Məsudun “Qatarın altına atılan qadın”, V.Hüqonun “Qadın məhəbbəti”, V.Səmədoğlunun “Generalın son əmri”, R.Əlizadənin “Laləli düzən”, H.Mirələmovun “Vəsiyyət”, Elçinin “Qatil”, M.Qavranın “Qəribə, çox qəribə əhvalat”, C.Məmmədquluzadənin “Dəli yığıncağı” və s. tamaşaların quruluşçu rəssamı olub.

Tədbirdə çıxış edənlər 75 illik yubileyi münasibətilə Nazim Bəykişiyevi təbrik edib, ona uzun ömür, möhkəm cansağlığı, yeni yaradıcılıq uğurları arzulayıblar.