İngiltərənin Oldboro (Aldeburgh) şəhərində (Suffolk qraflığı) 9-25 iyun tarixlərində keçirilən 74-cü “Aldeburgh Festival” çərçivəsində macar bəstəkarı Dyerd Ligetinin (György Ligeti, 1923-2006) 100 illiyi qeyd edilib. Bu əlamətdar tarix münasibətilə festivalın təşkilat komitəsi məşhur müasir bəstəkarlara yeni əsərlər sifariş etmişdi. Əsərlərin premyerası “The Red Hause” da “Ligeti Quartet”in ifasında səslənib.

Benoit Delberq (Fransa), Xiaoyoung Chen (Çin), Manfred Stahnke (Almaniya), Rolf Hind (İngiltərə) kimi bəstəkarların adları sırasında Azərbaycan bəstəkarı Firəngiz Əlizadənin adının olması çox əlamətdardır.

Firəngiz Əlizadə D.Ligetinin yubileyinə yeni əsərini – “Fanfares for Ligeti”ni həsr etmişdir. Yubiley münasibətilə yazılan bütün əsərlər böyük dinləyici auditoriyasına ingilis musiqiçiləri tərəfindən yüksək səviyyədə təqdim edilib. Zoom sistemində eləcə də BBC radiostansiyası vasitəsilə konsert zalından birbaşa translyasiya zamanı bu haqda məlumat verilib. Festivalın bukletində bütün müəlliflər haqqında informasiyalar yer alıb. Eyni zamanda dünyaşöhrətli Azərbaycan bəstəkarı Firəngiz Əlizadənin Darmştat və Berndə D.Ligetinin şəxsiyyəti və musiqisi haqqında düşüncələri öz əksini tapıb.

Qeyd edək ki, görkəmli ingilis bəstəkarı Bendjamin Britten Suffolk qraflığında yerləşən Oldboro şəhərində 1948-ci ildə “Aldeburgh Festival of Music and Arts” təşkil edir. Bu festival sonralar ölkənin həyatında mühüm hadisəyə çevrilir. Festivalın konsertlərində dünyanın ən məşhur musiqiçiləri Con Keyc, Dmitri Şostakoviç, Pyer Bulez, Mstislav Rostropoviç və başqaları çıxış etmişlər.