Mədəniyyət Nazirliyinin və Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) dəstəyi ilə nəşr olunan “Fokus” analitik kino jurnalının 12-ci nömrəsi işıq üzü görüb. Peşəkar və tələbə kinematoqrafçıların maraqla gözlədiyi nəşrin növbəti buraxılışında da tanınmış müəlliflərin müxtəlif mövzularda yazıları yer alıb.

AKİ-nin katibliyindən bildiriblər ki, kinoşünaslığın inkişafı, bu sahədə kadrların hazırlanması kinomuz qarşısında duran ümdə vəzifələrdəndir. “Fokus” kino jurnalı bu baxımdan uğurlu platformadır. AKİ-nin kinoyazar.az saytı da eyni məqsədlə yaradılmış layihələrdəndir.

AKİ-nin katibi, jurnalın baş redaktoru Əli İsa Cabbarov qeyd edib ki, “Fokus”un bu nömrəsinin əsas mövzusu “kino və poeziya”dır. “Azərbaycan ədəbiyyatı, xüsusilə poeziyası çox zəngindir və kinomuza vizual obrazlar, kino dili bəxş edir. Poeziyamız milli kinoya dünyaya çıxmağa kömək edə biləcək özünəməxsusluq verə bilər”, – deyə o bildirib.

Jurnalın bu sayında Georgi Ovaşvili, Dərviz Zaim, Semih Kaplanoğlu, Elçin Musaoğlu kimi tanınmış kinorejissorlarla müsahibələr dərc olunub. Şəhanə Ürfan, Aygün Aslanlı, Əlisəfdər Hüseynov və Nadir Bədəlov poetik kino ənənələrini milli və dünya kinosu nümunələrində analiz edirlər. Tof Filds, Ruben Estlund kimi kinematoqrafçıların yaradıcılığı da jurnalın fokusundadır. Sevda Sultanova Oqtay Mirqasımovun yaradıcılığına, Lamiyyə Abbas Tengiz Abuladzenin yaradıcılığına nəzər salıblar. Hilal Baydarovun beynəlxalq festivallarının iştirakçısı olmuş “Balıqlara xütbə” filmini Aliyə Dadaşova gözdən keçirib.

Jurnal iyulun 10-dan “Libraff” kitab mağazaları şəbəkəsində yayımlanacaq. Kinematoqrafçı tələbələr nəşri AKİ-dən pulsuz əldə edə bilərlər.