Mədəniyyət Nazirliyi və Azərbaycan Teatr Xadimləri İttifaqının (ATXİ) birgə həyata keçirdiyi "Qonaq teatr" layihəsi davam edir. Layihənin növbəti iştirakçısı Sumqayıt Dövlət Dram Teatrıdır.

Sumqayıt kollektivi iyulun 3-də "Ocaq" tamaşası ilə ATXİ-nin səhnəsində çıxış edəcək

Türkiyə yazıçısı Turkut Ozakmanın əsərinə teatrın baş rejissoru Xalq artisti Firudin Məhərrəmov quruluş verib. Tamaşanın rəssamı Mustafa Mustafayevdir.

Sıxıntılar içində yaşayan bir ailənin faciəsi kontekstində cəmiyyət, zaman və insan problemləri əsərin süjet xəttini təşkil edir.

Qeyd edək ki, "Ocaq" psixoloji dramı Sumqayıt Dövlət Dram Teatrında 2017-ci ildə tamaşaya qoyulub. Tamaşada Əməkdar artistlər Fəranə Musayeva, Növrəstə Həşimova, Rauf Ağakişiyev, Cəlal Məmmədov, aktyorlar Oktay Mehdiyev, Habil Xanlarov, Xatirə Süleymanova, Sədaqət Nuriyeva, Şəhla Məmmədova, İlahə Səfərova rol alıblar.