2023/2024-cü tədris ilində Bakı Slavyan Universitetində (BSU) balkanistika ixtisası açılacaq. Bu istiqamətdə tədrisi həyata keçirmək üçün müvafiq işlər görülüb.

Bu barədə Bakı Slavyan Universitetindən məlumat verilib.

Universitetin rektoru Anar Nağıyev bildirib ki, sözügedən ixtisasın balkanşünaslıq istiqamətində yeni gənc mütəxəssislərin hazırlanmasına, eyni zamanda, gələcəkdə həmin məzunların tədris prosesinə cəlb olunmasına imkan yaradılacaq. Rektor yeni tədris ilində Bolqarıstanın Müqəddəs Kliment Oxridski adına Sofiya Universiteti, Özbəkistanın Daşkənd Dövlət Pedaqoji Universiteti ilə BSU-nun birgə layihəsinin həyata keçirilməsinin nəzərdə tutulduğunu vurğulayıb: “Polşa Ali Təhsil Agentliyinin xətti ilə müəllim mübadiləsi üzrə mövcud müqavilə əsasında bu ilin oktyabrından Polşadan iki müəllim universitetə gələcək. Həmçinin Polşanın və Bolqarıstanın tərəfdaş universitetləri ilə tələbə mübadiləsi həyata keçirilir. Ötən tədris ilində iki tələbə Polşada təhsil alıb. Bu il beş tələbə və iki müəllimin Bolqarıstanda yay məktəbində iştirakı nəzərdə tutulub”.

Rektor BSU-da 100-ə yaxın əcnəbi tələbənin təhsil aldığını və bu kontingentin Türkiyə, Rusiya, Belarus, Macarıstan və digər ölkələri əhatə etdiyini bildirib: “Polşa, Şimali Makedoniya, Çexiya, Bolqarıstan universitetləri ilə ikili diplom proqramları üzrə işləri həyata keçirilir. Bu günlərdə Türkiyənin Türk-Alman Universiteti ilə əməkdaşlıq müqaviləsi bağlanıb”.

“Ötən il bakalavriat səviyyəsinə iki yeni ixtisasa – psixologiya və korreksiyaedici təlim ixtisasına qəbul aparılıb. Bu il isə bakalavriat səviyyəsində dörd yeni ixtisasa - politologiya, tarix müəllimliyi, tərcümə (rus dili-türk dili), filologiya (türk dili və ədəbiyyatı) ixtisaslarına, magistratura səviyyəsinə isə menecment (təhsil sahəsi üzrə) ixtisasına qəbul aparılır. Keçənilki qəbulda plan yerlərinin tam dolduğunu nəzərə alaraq bu il təxminən 30 faizədək yeni qəbul gözləyirik. Yeni ixtisaslara qəbul aparıldıqdan sonra BSU-nun tələbə kontingentində sayın artacağı gözlənilir”, - deyə Anar Nağıyev qeyd edib.