Yazıçı-ədəbiyyatşünas Vaqif Sultanlının “Kulikovo döyüşü” (“The Battle of Kulikovo”) adlı roman və hekayələrdən ibarət kitabı Londonda çap olunub.

Kitabı ingilis dilinə professor Abbas Qurbanoğlu, Cavid Abbaslı və Pərvanə Paşa çeviriblər.

“Kulikovo döyüşü” kitabına müəllifin “Səhra savaşı” romanı, “Yarpaqsız budaqların yaşıl nəğməsi”, “Vətən”, “Səhər dumanı”, “Mağara”, “Xurmayı saçlar”,  “Qütb gecəsi”, “Kor düyün”, “İlan əfsanəsi”, “İlğım”, “Nəvayi-Qumru”, “Kufi xətti”, “Zolaqlı yuva”, “Çarpaz kölgə” və başqa hekayələri daxil edilib. “Kulikovo döyüşü” hekayəsində (Kulikovo döyüşü 8 sentyabr 1380-ci ildə rus knyazlıqları ilə Qızıl Ordanın qoşunları arasında baş verib. Qızıl Ordanın məğlub olduğu döyüşdən sonra onların rus knyazlıqları üzərində hökmranlığı zəifləyib) tarixlə müasirlik özünəməxsus şəkildə çarpazlaşdırılıb, Türk etnosunun keçmişi, bu günü və gələcək taleyi ilə bağlı düşüncələr canlandırılıb.

İngilis yazıçı və ədəbiyyatşünası Dr.Maykl Brannokun redaktəsi ilə nəşr edilmiş kitabdakı roman və hekayələri birləşdirən ümumi cəhət onların mövzu-problem baxımından aktuallıq daşıması, çağdaş dünyada insan taleyinə münasibətdə özünü göstərən və get-gedə dərinləşməkdə olan özgələşmə, yaddaşsızlaşma, biganələşmə, gərəksizləşmə probleminə etiraz motivləri ilə seçilməsidir.

Kitabı amazon.com, lulu.com, books.google.com, bookland.com, ebay.com, scribd.com, waterstones.com, barnesandnoble.com və digər saytlardan sifariş yolu ilə əldə etmək olar.