3 iyul tanınmış orqan ifaçısı, Prezident təqaüdçüsü, Azərbaycan Bəstəkarlar İttifaqının üzvü, musiqişünas-alim, sənətşünaslıq doktoru, Əməkdar incəsənət xadimi, professor Tahirə Yaqubovanın doğum günüdür.

Tahirə Əhəd qızı Yaqubova 3 iyul 1942-ci ildə Bakı şəhərində anadan olub. 1950-1961-ci illərdə Bülbül adına Orta İxtisas Musiqi Məktəbində fortepiano üzrə təhsil alıb. Sonra təhsilini Azərbaycan Dövlət Konservatoriyasında (indiki BMA) davam etdirib, bu təhsil ocağını musiqişünaslıq və orqan ifaçılığı üzrə iki diplomla başa vurub.

Azərbaycan EA-nın Memarlıq və İncəsənət İnstitutunun aspiranturasında oxuyub, 1974-cü ildə “Müasir Azərbaycan musiqisində tematizm problemi və onun inkişaf prinsipləri” mövzusunda dissertasiya işini müdafiə edərək sənətşünaslıq elmləri namizədi (fəlsəfə doktoru) elmi dərəcəsi alıb.
Tahirə Yaqubova 1970-ci ildən konservatoriyada iki ixtisas – musiqi nəzəriyyəsi və orqan üzrə pedaqoji fəaliyyət göstərir. O, müxtəlif nəzəri fənləri – harmoniya, solfecio, təhlil, polifonik analiz, harmoniya tarixi, müasir harmoniya tədris etməklə yanaşı, orqan üzrə praktiki və mühazirə dərsləri keçir. 1995-ci ildən Orqan və klavesin kafedrasının müdiridir. Orqan ifaçılığı üzrə Rusiya və Almaniyada təcrübə kursları keçib. Bundan əlavə, müxtəlif dövrlərdə Almaniya, İsveç, Hollandiya və digər ölkələrdə orqan ifaçılığı kurslarında iştirak edib.
Tahirə Yaqubovanın yetirmələri olan orqan ifaçıları beynəlxalq müsabiqələrdə Azərbaycan orqan məktəbini uğurla təmsil ediblər. Onun təşəbbüsü ilə Ü.Hacıbəyli adına BMA-nın nəzdində fəaliyyət göstərən Orta ixtisas musiqi məktəb-studiyasında, Bülbül və G.Şaroyev adına musiqi məktəblərində orqan sinfi açılıb.

Tahirə xanım pedaqoji fəaliyyətlə yanaşı, ölkəmizdə və xaricdə konsertlərdə, Azərbaycan mədəniyyəti günlərində, festivallarda bədii rəhbər olub, orqanda ifa edib. Tanınmış musiqi xadimi eyni zamanda BMA-da orqan alətlərinin bərpası, yeni elektron orqanların alınması, Almaniya, Fransa və İsraildən aparıcı orqan ifaçılarının ustad dərslərinin təşkilində mühüm rol oynayıb.
Tahirə Yaqubova 40-dan çox elmi tədqiqat əsərinin, o cümlədən 4 monoqrafiya,   metodik vəsait, müxtəlif proqram və məqalələrin müəllifidir. Həm də Q.Qarayevin seçilmiş əsərlərini və himnimizi orqan üçün köçürüb.

Sənətkarın musiqi mədəniyyətimizin inkişafında xidmətləri ölkə başçısı tərəfindən yüksək qiymətləndirilib, “Əməkdar incəsənət xadimi” (2005) fəxri adına və Prezident təqaüdünə (2021) layiq görülüb.

Doğum günü münasibətilə sənətkarı təbrik edir, cansağlığı və yaradıcılıq uğurları arzulayırıq.

Gülnar Mirqasım-Rzayeva
BMA-nın Fortepiano, orqan və klavesin kafedrasının müəllimi