Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı mövsümə yekun vurub. Bu münasibətlə iyulun 2-də teatrın bədii rəhbəri Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə və direktor əvəzi Əməkdar mədəniyyət işçisi İlham Əsgərov yaradıcı heyətlə görüşüb, məzuniyyətə yollanan truppa üzvlərinə xoş istirahətlər arzulayıblar. Qeyd olunub ki, yeni mövsümdə – ilin sonunadək Akademik Milli Dram Teatrında üç yeni tamaşanın premyerası keçiriləcək. Yeni yaradıcılıq işləri Çingiz Aytmatovun “Əsrə bərabər gün”, Şıxəli Qurbanovun “Sənsiz” və Xalq yazıçısı Anarın “Dantenin yubileyi” əsərləridir. 2024-cü ildən isə kollektiv dünya və Azərbaycan dramaturgiyasının ən maraqlı nümunələri ilə tamaşaçıların görüşünə gələcək.

Həmin gün axşam “Qarabağnamə” tamaşasının nümayişi ilə mövsüm başa çatıb. Xalq yazıçısı İlyas Əfəndiyevin “Hökmdar və qızı” əsəri əsasında hazırlanan tamaşanın premyerası 1996-cı ildə olub.

Səhnə əsərinin quruluşçu rejissoru Xalq artisti Mərahim Fərzəlibəyov, quruluşçu rəssamı İsmayıl Məmmədov, musiqi tərtibatçısı Həmid Kazımzadə, geyim rəssamı Aygün Mahmudova, işıq üzrə rəssamı Rafael Həsənovdur.

Rolları Xalq artistləri Kazım Abdullayev, Rafiq Əzimov, Hacı İsmayılov, Əli Nurzadə, Firəngiz Mütəllimova, Əməkdar artistlər Elşən Rüstəmov, Məsmə Ağaverdiyeva, Kazım Həsənquliyev, Elxan Quliyev, Elşən Cəbrayılov, Elnar Qarayev, aktyorlar İlyas Əhmədov, Ramin Şıxəliyev, Ləman İmanova, Nəzrin Abdullayeva, Cavidan Novruz, Nigar Güləhmədova, Firuzə Balayeva, Məhsəti Tahirzadə, Elsevər Rəhimov və Tural İbrahimov canlandırıb.

Səhnə əsərində XVIII əsrdə Qarabağ xanlığının mərkəzi olan Şuşada baş vermiş tarixi hadisələrdən və Qarabağ hökmdarı İbrahim xanın ictimai-siyasi, ailə-məişət həyatından bəhs edilir.