Qədim sənətkarlıq mərkəzinin qardaşlaşdığı şəhərlərin sayı 13-ə çatıb

 

Bu günlərdə “İpək Yolu” XII Beynəlxalq Musiqi Festivalına ev sahibliyi edən Şəki şəhərinin tarixində daha bir əlamətdar hadisə baş verib. Sənətkarlıq paytaxtımız Çin Xalq Respublikasının Lianşan şəhəri ilə qardaşlaşıb.

İyulun 3-də Şəki ilə Lianşan arasında dostluq və qardaşlıq haqqında protokolun imzalanmasına həsr olunmuş mərasim keçirilib.

Mərasimdə Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov qonaqlara Azərbaycanın bu qədim şəhərinin mədəniyyəti, iqtisadiyyatı, kənd təsərrüfatı, ipəkçilik ənənələri, turizm imkanları barədə geniş məlumat verib. Diqqətə çatdırılıb ki, iyulun 7-də Şəkinin 2711 illiyi təntənəli şəkildə qeyd ediləcək. Hər il bu şəhərdə bir neçə beynəlxalq festival keçirilir. Əlamətdar haldır ki, Şəkidə keçirilən “İpək Yolu” XII Beynəlxalq Musiqi Festivalında Çindən də musiqi kollektivi iştirak edir. Vurğulanıb ki, yeni imzalanan dostluq və əməkdaşlıq xartiyası bu şəhərlər arasında mədəni, iqtisadi və turizm sahələrində əlaqələrin yaranmasında mühüm rol oynayacaq.

Lianşandan gələn nümayəndə heyətinin rəhbəri Huang Yuchao qonaqpərvərliyə görə şəhər rəhbərliyinə minnətdarlığını bildirib. Deyib ki, Lianşan Çinin Yi adlanan etnik qrupunun məskunlaşdığı ən böyük hissəsidir. Əhalisi 5 milyon nəfərə yaxındır. Lianşan Çində təbii sərvətlərlə zəngin tanınmış ərazidir.

İmzalanma mərasimindən sonra hər iki şəhərin rəhbərliyi adından qarşılıqlı xatirə hədiyyələri təqdim olunub.

Qeyd edək ki, Lianşan Şəkinin Çindən qardaşlaşdığı ikinci şəhərdir. 2019-cu ildə sənətkarlıq paytaxtımız bu ölkənin Hunan əyalətinin Janciajiye şəhəri ilə qardaşlaşmışdı. Bununla da Şəkinin indiyədək qardaşlaşdığı şəhərlərin sayı 13-ə çatıb.