AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun baş direktoru professor Nadir Məmmədli və Kənd Təsərrüfatı Nazirliyi Baytarlıq Elmi-Tədqiqat İnstitutunun laboratoriya direktoru dosent Şəlalə Zeynalovanın birgə tərtib etdikləri “Vahid sağlamlıq: insanlar, heyvanlar və ətraf mühit izahlı terminlər lüğəti” çapdan çıxıb. Mərkəzi Elmi Kitabxanada nəşrin təqdimatı keçirilib.

Dilçilik İnstitutundan bildirilib ki, lüğətin redaktoru akademik Qərib Məmmədovdur. Lüğətdə müxtəlif elm sahələrinə (baytarlıq, biologiya, zoologiya, molekulyar biologiya, təhlükəsizlik, biotexnologiya, mikrobiologiya, parazitalogiya, qida təhlükəsizliyi, heyvandarlıq, genetika və s.) aid 2000-ə yaxın termin, terminoloji birləşmələrin izahı və onların ingilis, rus dillərində qarşılığı verilib. Həmçinin ilk dəfə kitabda bir çox alınma terminlər Azərbaycan dilində transkripsiya, transliterasiya olunub.