Azərbaycan Teatr Xadimləri İttifaqında “Günay” uşaq teatrının 20 illiyi münasibətilə təntənəli tədbir təşkil edilib.

Mədəniyyət Nazirliyi və Azərbaycan Teatr Xadimləri İttifaqının nümayəndələri, həmçinin tanınmış sənət adamları, teatrsevərlər, media nümayəndələrinin iştirak etdiyi tədbirdə Azərbaycan Teatr Xadimləri İttifaqı sədrinin vəzifə səlahiyyətlərini icra edən Xalq artisti Hacı İsmayılov çıxış edərək “Günay” uşaq teatrını yubiley münasibətilə təbrik edib. O, eyni zamanda, bu teatrın keçdiyi maraqlı və zəngin yaradıcılıq yolundan danışıb.

“Günay” uşaq teatrının kollektivi milli teatr sənətinin inkişafındakı xidmətlərinə görə və yaranmasının 20 illiyi münasibətilə Azərbaycan Teatr Xadimləri İttifaqının fəxri fərmanı ilə təltif olunub.

Teatrın bədii rəhbəri Larisa Tarusova təbrikə və yubileyin keçirilməsi üçün teatra yaradılan şəraitə görə İttifaqa dərin təşəkkürünü bildirib.

Sonra təqdim olunan “Çirkin ördək balası” tamaşası tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

Tədbirin ikinci hissəsində teatrın balaca aktyorlarının ifasında müxtəlif səhnəciklərdən, şeirlərdən, mahnı və rəqslərdən ibarət konsert proqramı təqdim olunub.