Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Nazirlər Şurası iyulun 3-də özəl şirkətə ictimai yollarda avtonom nəqliyyat vasitələrini idarə etmək üçün ilk milli lisenziyanı təsdiqləyib. İlk olaraq Dubayda tətbiq olunacaq icazəni ixtisaslaşmış “WeRide” şirkəti alıb.
Bundan əlavə, hökumət elektrik avtomobilləri ilə bağlı siyasəti təsdiqləyib. Hökumət BƏƏ-də müxtəlif sahələrdə, xüsusilə atmosferə istixana qazları tullantılarının azaldılmasına yönəlmiş qabaqcıl texnologiyaları fəal şəkildə tətbiq edir və özəl biznesi buna həvəsləndirir. Cari ilin martında “United Parcel Service” yüklərin daşınması üçün elektriklə işləyən şaquli qalxan təyyarəni sınaqdan keçirmək üçün lisenziya alıb və Dubay hakimiyyəti şəhərdə 4 min pilotsuz taksi buraxmağı planlaşdırdıqlarını açıqlayıb. May ayında Əbu-Dabidə Yaxın Şərqdə ilk elektriklə işləyən zibil maşını istifadəyə verilib.