İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO) İsveçin paytaxtı Stokholmda Qurani-Kərimin nüsxəsinin yandırılması ilə bağlı bəyanat verib.

Təşkilatın saytında yer alan bəyanatda müqəddəs Qurban bayramı günlərində bütün dünya müsəlmanlarının hisslərini təhqir edən bu barbarlıq aktı kəskin şəkildə pislənilib.

Bəyanatda deyilir: “ICESCO bir daha təsdiq edir ki, ekstremistlərin bu qəddar hərəkətinin təkrarlanması onlar tərəfindən sivilizasiyanın məğlubiyyətini, mədəni və dini müxtəlifliyi təşviq edən tolerantlığın rədd edilməsini ifadə edir, həmçinin düşmənçiliyin qızışmasına və nifrət ritorikasının canlanmasına səbəb olur”.

ICESCO vurğulayır ki, millətlərin və xalqların həyatını tənzimləyən dəyər və prinsiplərin lazımi səviyyədə qiymətləndirilməməsi beynəlxalq birliyin təhlükəsizliyinə və inkişafına xələl gətirə biləcək ən təhlükəli məhvedici silahdır. Təşkilat bu açıq həqiqəti nəzərə alaraq, beynəlxalq ictimaiyyəti bəşəriyyətin dünya miqyasında əziyyət çəkdiyi münaqişələri kəskinləşdirməyə aparan bu dəhşətli aktlara daha ciddiyyətlə yanaşmağa çağırır. Təşkilat xəbərdarlıq edir ki, belə hallara etinasız yanaşan hər hansı hökumət bəşəriyyəti etik dəyərlər, mədəniyyət və xalqların adət-ənənələrinə hörmət yolundan uzaqlaşdırır.

Təşkilat, həmçinin sülh dəyərlərini qorumaq və maarifləndirmə mədəniyyətini bu cür mənfi tendensiyalarla mübarizə aparacaq şəkildə təşviq etmək üçün bütün sülhsevər qüvvələr ilə əməkdaşlığa hazır olduğunu bir daha təsdiqləyib.

***

Bu arada Roma Papası Fransisk də İsveçdə Quranın yandırılması aksiyasını pisləyib. Papanın sözlərinə görə, belə hərəkətlərə söz azadlığı ilə bəraət qazandırmaq olmaz.

“Söz azadlığı başqasına nifrət vasitəsi kimi, həmçinin qəbul olunmayan və qınanılan əməllərə haqq qazandırmaq üçün istifadə edilməməlidir”, – deyə pontifik bildirib.

Qeyd edək ki, İsveç polisi iyunun 28-də Stokholmun ən iri məscidi qarşısında etiraz aksiyasına icazə verib. Aksiya zamanı iştirakçılardan biri – 37 yaşlı şəxs müqəddəs kitabın bir neçə səhifəsini yandırıb. Hadisə müsəlman aləmində, o cümlədən Türkiyədə sərt şəkildə pislənilib.

Türkiyə hələlik İsveçin NATO üzvlüyünü ratifikasiya etməyib. Ankaranın Stokholma qarşı iddialarından biri də orada İslam əleyhinə vüsət alan aksiyalardır.