Azərbaycanla Qırğızıstan arasında turizm əlaqələrinin inkişaf perspektivləri iyulun 4-də Dövlət Turizm Agentliyinin (DTA) sədri Fuad Nağıyevlə Qırğız Respublikasının ölkəmizdəki səfiri Kayrat Osmonaliyev arasında keçirilən görüşdə müzakirə olunub.

DTA-dan bildirilib ki, görüşdə beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq əlaqələrinin genişləndirilməsinin, birgə təbliğat tədbirlərinin keçirilməsinin və təcrübə mübadiləsinin vacibliyi vurğulanıb. Həmçinin qarşılıqlı tanıtım səfərlərinin təşkili və turist mübadiləsinin artırılması üçün birbaşa uçuşların əhəmiyyəti haqqında fikir mübadiləsi aparılıb.

Səfir Kayrat Osmonaliyev bildirib ki, iyulun 22-dən etibarən Bişkek və Bakı arasında həftədə 1 dəfə olmaqla birbaşa uçuşların həyata keçirilməsi planlaşdırılır.

Qeyd edək ki, 2023-cü ilin yanvar-may aylarında Qırğızıstandan Azərbaycana 1733 nəfər səfər edib ki, bu da 2022-ci ilin eyni dövrü ilə müqayisədə 51 faiz artım deməkdir.

***

Azərbaycan Pakistanla da turizm əlaqələrini genişləndirmək istəyir. Bu barədə iyulun 4-də DTA-nın sədri Fuad Nağıyevin Pakistanın xaricdə yaşayan pakistanlılarla iş və insan resurslarının inkişafı naziri Sacid Hüsseyn Turi ilə görüşündə fikir mübadiləsi aparılıb.

Son dövrlərdə Pakistandan gələn ziyarətçilərin sayının artdığını deyən Fuad Nağıyev bu ölkədə Azərbaycanın turizm imkanlarının tanıdılması məqsədilə tədbirlərin davam etdiriləcəyini bildirib.

Sacid Hüsseyn Turi də turizm əlaqələrinin inkişafında maraqlı olduqlarını, turizmin müxtəlif növləri, xüsusilə dağ turizmi üzrə təcrübə mübadiləsinin aparılmasının vacibliyini bildirib.

Görüşdə qarşılıqlı tanıtım və təbliğat tədbirlərinin, infoturların təşkili, birbaşa uçuşların sayının artırılması məsələləri müzakirə edilib. Qeyd edək ki, hazırda Pakistanın Lahor şəhərindən Bakıya həftədə 2 dəfə olmaqla birbaşa uçuşlar həyata keçirilir.

2022-ci ilin statistikasına əsasən, Azərbaycana gələn turist sayında Pakistan 7-ci yerdədir (51 700 nəfər). 2023-cü ilin yanvar-may aylarında ötən ilin müvafiq dövrü ilə müqayisədə Pakistandan gələn ziyarətçilərin sayında 43 faiz artım müşahidə edilib.