Son illər Azərbaycanda möhtəşəm beynəlxalq tədbirlər, festivallar keçirilir. Belə tədbirlərdən biri də Şəki “İpək Yolu” Beynəlxalq Musiqi Festivalıdır. Dövlət Akademik Opera və Balet Teatrı olaraq “İpək Yolu” Beynəlxalq Musiqi Festivalında artıq 8-ci dəfədir iştirak edirik və bundan çox məmnunuq.

Bu sözləri Dövlət Akademik Opera və Balet Teatrının baş rejissoru Əməkdar incəsənət xadimi Hafiz Quliyev deyib.

Baş rejissor bildirib ki, bu festival çərçivəsində ötən illərdə şəkili teatrsevərlərə və şəhərin qonaqlarına Üzeyir Hacıbəylinin “Leyli və Məcnun”, “Əsli və Kərəm” operaları, “Arşın mal alan” operettası, Müslüm Maqomayevin “Şah İsmayıl” operası, Qara Qarayevin “Yeddi gözəl” baleti, Fikrət Əmirovun “Sevil” operası və başqa tamaşalar təqdim edilib. Rejissor vurğulayıb ki, indiyədək bu tamaşalar Şəkinin məşhur tarixi məkanlarında – Xan sarayının qarşısında, “Yuxarı karvansara” mehmanxana kompleksində oynanılıb. Builki festivalda isə kollektiv ilk dəfə olaraq “Marxal” kompleksinin Yay teatrının səhnəsində çıxış edib.