Bakı şəhəri ilə Çin Xalq Respublikasının Siçuan əyaləti arasında dostluq və tərəfdaşlıq münasibətlərinə dair anlaşma memorandumu imzalanıb.

Sənəd Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) başçısı Eldar Əzizovun rəhbərlik etdiyi nümayəndə heyətinin Çin tərəfinin dəvəti ilə Siçuan əyalətinə səfəri zamanı imzalanıb.

BŞİH-nin mətbuat xidmətindən bildiriblər ki, Siçuan əyalətinin qubernatoru Huan Çian ilə keçirilən görüşdə qarşı tərəf Çin Xalq Respublikası vətəndaşlarının Bakı şəhərinə və Azərbaycana olan marağı nəzərə alınaraq, Çendu–Bakı aviareysinin açılması təklifini irəli sürüb.

Bakı şəhərinin nümayəndələri Çinin paytaxtı Pekində də olublar. Şəhər merinin müavini xanım Sima Honla görüş zamanı paytaxt şəhərlər arasında əməkdaşlığa dair planlar müzakirə edilib.

Pekin meriyası nümayəndə heyətinin Bakıya səfəri və iki paytaxt arasında əməkdaşlığa dair memorandumun imzalanması barədə razılıq əldə edilib.