Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə 2019-cu ildə təsis olunan “Yüksəliş” müsabiqəsi bu il üçüncü dəfə keçirilir. İlk müsabiqə 2020-ci ilə nəzərdə tutulsa da, pandemiya səbəbindən mərhələlər uzanaraq 2021-ci ilin iyulunda yekunlaşdı. İkinci müsabiqə 2022-ci ildə gerçəkləşdi. Dövlətimizin başçısı 2022-ci il dekabrın 20-də üçüncü “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı sərəncam imzalayıb.

Sayca üçüncü “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsi 1-2 iyul tarixlərində Bakı Ekspo Mərkəzində keçirilib.

Tədbirdə “Yüksəliş” müsabiqəsinin Təşkilat Komitəsinin sədri, Prezident Administrasiyası Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov, gənclər və idman naziri Fərid Qayıbov, elm və təhsil naziri Emin Əmrullayev, mədəniyyət naziri Adil Kərimli, gənclər və idman nazirinin müavini, “Yüksəliş” müsabiqəsinin İşçi qrupunun rəhbəri Fərhad Hacıyev iştirak ediblər.

Nazirlər Emin Əmrullayev, Adil Kərimli, Fərid Qayıbov, Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov çıxış edərək müsabiqənin əhəmiyyəti barədə fikirlərini bölüşüb, iştirakçılara uğurlar arzulayıblar.

Müsabiqənin əvvəlki mərhələlərini uğurla geridə qoyan iştirakçılardan 333 nəfəri finalçı olmaq uğrunda mübarizə aparıb. İştirakçıların mübarizəsi keyslər üzərindən davam edib və onların 8 səriştəsi (strateji düşünmək bacarığı, nəticələrə yönəlmək bacarığı, komandada işləmək bacarığı, kommunikasiya bacarıqları, dəyişikliklərin və innovasiyaların idarə edilməsi, liderlik, sosial məsuliyyət və effektivliyin idarə edilməsi) ekspertlər tərəfindən qiymətləndirilib.

Qiymətləndirmə prosesi beynəlxalq təcrübəyə əsaslanan “Qiymətləndirmə konfransı” metodu ilə həyata keçirilir. İştirakçılara təqdim edilən keyslər müasir dünya təcrübəsi əsasında və qabaqcıl format üzərində hazırlanaraq Azərbaycanın iqtisadiyyatı, sosial, insan resursları və yenidənqurma sahələrini ehtiva edir.

Yarımfinal mərhələsinin bağlanış mərasimində çıxış edən müsabiqənin İşçi qrupunun rəhbəri Fərhad Hacıyev iştirakçılara nümayiş etdirdikləri maraqlı mübarizə üçün təşəkkür edib, onlara uğurlar arzulayıb.

Diqqətə çatdırılıb ki, yarımfinal mərhələsinin nəticələri növbəti 3-5 iş günü ərzində açıqlanacaq. 100-ə yaxın iştirakçı final mərhələsinə keçid haqqı qazanacaq. Müsabiqənin finalı 15-16 iyul tarixlərində keçiriləcək.

Qeyd edək ki, fevralın 17-dən qeydiyyatı başlanan üçüncü “Yüksəliş” müsabiqəsinə ümumilikdə 13 min 474 iştirakçı müraciət edib. Müsabiqə onlayn və əyani seçim də daxil olmaqla 5 mərhələdən ibarətdir.

Müsabiqədə 20 qalibin seçilməsi nəzərdə tutulur. Lakin ötən müsabiqələrin təcrübəsinə nəzərən güclü rəqabət sayəsində bu sayın artması da mümkündür. Xatırladaq ki, birinci “Yüksəliş”in 27, ikincinin isə 22 qalibi olmuşdu.

Qalibi bir il ərzində idarəçi rəhbərlərdən (iri şirkətlərin top-menecerləri və dövlət orqanlarının rəhbərləri) fərdi karyera məsləhətləri almaq imkanı, kadr ehtiyatı bankına daxil edilmə və 20 min manat dəyərində pul mükafatı gözləyir.