Xətai Sənət Mərkəzində “Heydər Əliyev İli” çərçivəsində elan olunan “Uşaqlıq duyğularımın rəngləri” adlı sərgi üçün əsər qəbulu davam edir.

Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin birgə layihəsi olan sərgi təsviri sənətə ictimai marağı artırmaq, böyüklərin uşaq məsumluğu və səmimiyyəti ilə ərsəyə gətirdikləri rəsm əsərlərini nümayiş etdirmək məqsədi daşıyır.

Yaşı 18-dən yuxarı rəssam və müxtəlif peşə sahibləri təqdim edəcəyi əsər və əsərlərin fotosu ilə bərabər məlumatları (rəsmin adı, müəllifin soyadı, adı, təvəllüdü, peşə və əlaqə nömrəsi) duygular2023@gmail.com ünvanına göndərməlidir. Sərgiyə əsər qəbulu üçün son tarix 5 oktyabrdır.

***

Xətai Sənət Mərkəzi və “Zeytun bağları” brendinin təşkilatçılığı ilə yeniyetmə və gənclərin yaradıcılığını stimullaşdırmaq və gənc nəsildə ekoloji təfəkkürün inkişafı və ekoloji maarifləndirməyə xidmət məqsədilə keçirilən “Təbiətimizin sovqatı” adlı respublika uşaq rəsm müsabiqəsinə də əsər qəbulu davam edir.

Mərkəzdən bildirilib ki, yaşı 10-17 olan yeniyetmə və gənclər avqustun 10-dək rəsm əsərini fotosu ilə bərabər əsərin adı, müəllifin soyadı, adı, təvəllüdü, təhsil aldığı məktəbi və əlaqə nömrəsini zeytunart@gmail.com  ünvanına göndərməklə müsabiqəyə qatıla bilərlər.

Ölçü və texnika sərbəstdir. Əsərlər tək-tək yerləşdirilməli, məlumatlar dolğun olmalı, ən çoxu iki əl işi göndərilməlidir. Seçim zamanı müəllifin yaşı nəzərə alınmaqla düzgün kompozisiya, rəng seçimi və uşaqların öz düşüncələri ilə işlənmiş əsərlərə üstünlük veriləcək.

Sərgilənmək üçün 150 əsər seçiləcək. Sərgilənən əsərlərin müəlliflərinə sertifikat təqdim olunacaq və “Zeytun bağları” brendinin məhsulundan hədiyyə alacaqlar.

Sərgi Xətai Sənət Mərkəzində keçiriləcək. Sərgidən seçilmiş 30 əsərin müəllifi xüsusi hədiyyə ilə mükafatlandırılacaq və həmin əsərlər “Zeytun bağları” brendinin ofisinin ekspozisiyasını bəzəmək üçün istifadə olunacaq və geri qaytarılmayacaq.