“Gəncliyimiz gələcəyimizdir” adlı rəsm və əl işlərindən ibarət respublika yaradıcılıq müsabiqəsinə yekun vurulub. Müsabiqə Elm və Təhsil Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA), Xəzər Rayon İcra Hakimiyyəti, Xəzər Rayon Gənclər İdman İdarəsi, Bakı Şəhər Mədəniyyət Baş İdarəsi və Dendrologiya İnstitutunun birgə təşkilatçılığı ilə gerçəkləşib.

İyulun 5-də Mərdəkan Mədəniyyət Sarayında təşkil olunan mərasimdə əvvəlcə əl işlərinə baxış keçirilib.

Müsabiqənin məqsədi Ulu öndər Heydər Əliyev irsinin təbliği, milli-mənəvi dəyərlərimizin gələcək nəsillərə aşılanması, Azərbaycanın mədəniyyət paytaxtı Şuşanın, Qarabağın mədəni-tarixi irsinin daha dərindən mənimsənilməsi, Vətən müharibəsində Ordumuzun nümayiş etdirdiyi şücaəti gənc rəssamların gözü ilə cəmiyyətə çatdırmaqdır.

AMEA-nın birinci vitse-prezidenti vəzifəsini icra edən akademik Arif Həşimov və AMEA-nın vitse-prezidenti akademik İradə Hüseynova “Heydər Əliyev İli” çərçivəsində keçirilən müsabiqənin əhəmiyyətindən söz açıblar.

Xəzər Rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Əliyev, Mərdəkan Mədəniyyət Sarayının direktoru Cavid Şahbazbəyli, Dendrologiya İnstitutunun baş direktoru vəzifəsini icra edən Minarə Həsənova və digər çıxış edənlər sərgidə nümayiş olunan əsərlərin məzmun və xaraktercə düzgün seçildiyini vurğulayıblar. Çıxışlarda belə bir fikir ifadə olunub ki, sərgidə əl işləri nümayiş olunan gənclər gələcəkdə Azərbaycan mədəniyyəti xəzinəsinə yeni töhfələr verəcəklər.

Məktəblilərin ifasında şeir və rəqs nömrələrindən ibarət kompozisiyalar təqdim olunub.

Təşkilat komitəsi müsabiqə qaliblərinin adlarını açıqlayıb. İlk üç yerin qalibi diplom və pul mükafatı, digər iştirakçılar isə fəxri fərman və təşəkkürnamələrlə təltif olunublar.

Qeyd edək ki, “Gəncliyimiz gələcəyimizdir” respublika yaradıcılıq müsabiqəsinə Bakı, Gəncə, Qazax, Şəki, Qax, Xaçmaz və Lənkəranda yerləşən orta təhsil müəssisələri və Azərbaycan Dövlət Rəssamlıq Akademiyasından ümumilikdə 300-dək rəsm və əl işi təqdim olunub.