Ulu öndər Heydər Əliyevin müvafiq sərəncamları ilə 20 il əvvəl (5 iyul 2003-cü il) yaradılan Ağgöl (Ağcabədi və Beyləqan rayonlarının ərazisi, sahəsi 17924 hektar) və Şirvan (Kür-Araz ovalığı, Qaradağ, Salyan və Neftçala rayonlarının ərazisi, sahəsi 54373 hektar) milli parklarının yaranmasının yubileyi rəngarəng tədbirlərlə qeyd edilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəhbərliyi və tərəfdaş təşkilatların nümayəndələri hər iki parkın yubiley tədbirlərində iştirak edib, zəngin biomüxtəlifliyə malik parkların bioloji müxtəlifliyinin bərpasına və dayanıqlı inkişafına dəstək məqsədilə Ağgöl və Qızılqaz göllərinə çəkikimi balıq körpələri buraxılıb.
Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Babayeva bildirib ki, Ağgöl və Şirvan milli parklarını ziyarət edən turistlər buradakı təbiətlə tanış olub, müxtəlif yaş kateqoriyasına uyğun marşrutlar boyunca mövsümi təbiət mənzərələrini, fauna növlərini müşahidə edib, təbiət qoynunda səmərəli vaxt keçiriblər.
Ağgöl Milli Parkında regional turizm və ekologiya idarələrinin, Ağcabədi rayon idman məktəbi idmançılarının iştirakı ilə idman yarışı keçirilib, qaliblər təltif olunublar.
Şirvan Milli Parkında Ümummilli liderin 100 illiyinə həsr olunmuş fotosərgi təşkil olunub, parkla həmsərhəd olan Kürsəngi kəndinin xalçaçılıq sənəti nümunələri nümayiş etdirilib, Salyan rayon Uşaq-Gənclər İnkişaf Mərkəzi və “Yaşıl patrul” dəstəsinin üzvlərinin əl işləri sərgilənib.
Qeyd edək ki, hazırda Azərbaycanda 10 milli park, 10 dövlət təbiət qoruğu, 24 yasaqlıq mövcuddur.