Üçüncü “Yüksəliş” müsabiqəsinin finalçıları bəlli olub. Yarımfinal mərhələsində (1-2 iyul) iştirak edən 333 nəfərdən 109 namizəd finalda iştirak hüququ qazanıb.

Qeyd edək ki, fevralın 17-dən qeydiyyatına start verilən üçüncü “Yüksəliş” müsabiqəsinə 13 474 nəfər müraciət edib.

İyulun 15-16-da üçüncü “Yüksəliş” müsabiqəsinin final mərhələsi keçiriləcək.

“Yüksəliş” müsabiqəsinin 20 qalibini bir il ərzində idarəçi rəhbərlərdən – iri şirkətlərin top-menecerlərindən və dövlət orqanlarının rəhbərlərindən fərdi karyera məsləhətləri almaq imkanı, kadr ehtiyatı bankına daxil edilmə və 20 min manat dəyərində pul mükafatı gözləyir.

“Yüksəliş” müsabiqəsi Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə 2019-cu ildə təsis olunub. Pandemiya səbəbindən mərhələlər uzanan ilk müsabiqə 2021-ci ilin iyulunda yekunlaşıb. İkinci müsabiqə 2022-ci ildə gerçəkləşib. Dövlətimizin başçısı 2022-ci il dekabrın 20-də üçüncü “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı sərəncam imzalayıb.