2023-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin fəaliyyətə başlamasının 100 illiyi tamam olur.

Prezident İlham Əliyev iyulun 6-da Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin 100 illiyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, dövrün görkəmli ədəbi simalarının və məşhur sənət adamlarının tədrisə cəlb edildiyi Bakı Teatr Məktəbinin bazasında təşkil olunmuş Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti ölkənin zəngin ənənələrə malik ali təhsil müəssisələrindəndir. Ötən müddət ərzində universitet milli mədəniyyətin və incəsənətin tərəqqisi işinə mühüm töhfələr verib. Azərbaycanın tanınmış mədəniyyət və incəsənət xadimləri arasında bu nüfuzlu təhsil ocağının çox sayda məzunu var. Universitetin yetirmələri respublikamızın hüdudlarından kənarda da müvəffəqiyyətlə çalışırlar. Universitet mədəniyyətin və incəsənətin başlıca sahələrini əhatə edən müvafiq ixtisaslar üzrə genişprofilli şəbəkə formalaşdırıb, həmçinin dünyanın bir sıra ölkələrinin ali təhsil və mədəniyyət mərkəzləri ilə qarşılıqlı faydalı tərəfdaşlıq əlaqələri yaradıb.

Sərəncamda Elm və Təhsil Nazirliyinə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin 100 illiyi ilə bağlı tədbirlər planı hazırlayıb həyata keçirmək tapşırılıb.