Dünya klassik musiqisinin şah əsərlərindən biri – görkəmli bəstəkar, SSRİ Xalq artisti Arif Məlikovun “Məhəbbət əfsanəsi” baleti Heydər Əliyev Fondunun təşkilatçılığı ilə yarım əsrdən çox müddətdən sonra yenidən müəllifin vətənində səhnəyə qoyulur.
Dünyanın bir sıra səhnələrini fəth edən balet sentyabrın 18-i və 19-da Heydər Əliyev Sarayında nümayiş olunacaq. “Məhəbbət əfsanəsi” möhtəşəm musiqi, səhnə quruluşu və tərtibatı ilə vəhdət təşkil edərək Milli Musiqi Günündə əsl bayram yaşadacaq.
“Məhəbbət əfsanəsi” Heydər Əliyev Sarayının səhnəsində məşhur baletmeyster, SSRİ Xalq artisti Yuri Qriqoroviçin 63 il əvvəl verdiyi quruluşda, SSRİ Xalq rəssamı Simon Virsaladzenin səhnə tərtibatında nümayiş olunacaq. Tamaşada Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının balet truppası, Azərbaycan Dövlət Rəqs Ansamblının rəqqasları, Bakı Xoreoqrafiya Akademiyasının tələbələri çıxış edəcəklər. Əsər Xalq artisti Yalçın Adıgözəlovun dirijorluğu ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin ifasında səslənəcək.
Tarixi təqdimat üçün Heydər Əliyev Fondu tərəfindən Simon Virsaladzenin orijinal eskizləri əsasında 250 kostyum, həmçinin dekorasiya və rekvizitlər hazırlanıb.
Arif Məlikov “Məhəbbət əfsanəsi” baletini Nazim Hikmətin “Fərhad ilə Şirin” pyesi əsasındakı librettoya bəstələyib. Bəstəkar 3 pərdə, 7 şəkildən ibarət əsər üzərində 1958-ci ildən işləməyə başlayıb və onu 2 ilə bitirib.
“Məhəbbət əfsanəsi” baletinin premyerası 1961-ci il martın 23-də Leninqrad Opera və Balet Teatrında (indiki Sankt-Peterburq Dövlət Akademik Mariinski Teatrı) keçirilib. Tamaşanın quruluşçu baletmeysteri Yuri Qriqoroviç, rəssamı Simon Virsaladze, dirijoru maestro Niyazi olub. 1962-ci ilin iyulunda əsərin Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində premyerası keçirilib.
“Məhəbbət əfsanəsi” baleti bu günədək dünya səhnələrini fəth edir. Səhnə əsəri ABŞ, Almaniya, Avstriya, Bolqarıstan, Böyük Britaniya, Braziliya, Çexiya, Estoniya, Finlandiya, Fransa, İtaliya, Qazaxıstan, Misir, Özbəkistan, Polşa, Rumıniya, Slovakiya, Türkiyə, Ukrayna, Yaponiya və digər ölkələrdə görkəmli baletmeysterlərin quruluşunda təqdim olunub və rəğbətlə qarşılanıb.
Arif Məlikovun şah əsəri olan “Məhəbbət əfasanəsi”nin “Heydər Əliyev İli”ndə təqdim olunması da təsadüfi deyil. 2023-cü il dahi şəxsiyyət, Ulu öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü, görkəmli bəstəkar Arif Məlikovun isə 90 illik yubileyidir. Ümummilli lider Arif Məlikovu bir sənətkar və insan kimi yüksək dəyərləndirirdi. Arif Məlikov isə Heydər Əliyevə sevgi və ehtiramını öz yaradıcılığında da əks etdirib və bəstəkarın “Əbədiyyət” adlı 8-ci simfoniyası Ulu öndərə ithaf olunub.
“Məhəbbət əfsanəsi”nin 18-19 sentyabr tarixlərində nümayişinin biletləri tezliklə şəhərin kassaları və iTicket.az saytında satışda olacaq.
Xatırladaq ki, “Məhəbbət əfsanəsi” baletinin uzun illərdən sonra Bakı səhnəsinə qayıdışı hələ 2020-ci ildə nəzərdə tutulmuşdu. Lakin həmin ilin 13, 15 və 16 mart tarixlərində Heydər Əliyev Sarayında gözlənilən nümayiş məlum pandemiya səbəbindən təxirə salındı.