Görkəmli opera müğənnisi, Rusiyanın, Azərbaycanın və SSRİ-nin Xalq artisti Tamara Sinyavskaya “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib.

Prezident İlham Əliyev iyulun 6-da bununla bağlı sərəncam imzalayıb. Tamara İlyiniçna Sinyavskaya Azərbaycan mədəniyyətinin təbliği sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə təltif edilib.

Qeyd edək ki, iyulun 6-da dünyaca məşhur sənətkar Müslüm Maqomayevin ömür-gün yoldaşı Tamara Sinyavskayanın 80 yaşı tamam olub. O, Azərbaycan-Rusiya mədəni əlaqələrinin inkişafında, Azərbaycan mədəniyyətinin təbliğində uzunmüddətli xidmətlərinə görə ötən illərdə Azərbaycanın yüksək dövlət təltiflərinə – “Şöhrət” (2003), “Dostluq” (2013) və “Şərəf” (2018) ordenlərinə layiq görülüb.