“İpək Yolu” Beynəlxalq Musiqi Festivalı Azərbaycanın çox gözəl, füsunkar bir diyarında, Şəki şəhərində keçirilən çox möhtəşəm tədbirdir. Biz festivalda iki kollektivlə – “Aynakol” folklor və “Qəkku” rəqs ansamblları ilə iştirak edirik. Şəki festivalı bizi olduqca isti qarşıladı. Belə festivallar xalqları musiqi ətrafında bir yerə toplayır.

Bu sözləri “İpək Yolu” XII Beynəlxalq Musiqi Festivalının iştirakçısı, Qazaxıstan Respublikası Akmola Vilayət Filarmoniyasının direktoru Nurgul Şaykenova deyib.

Direktor bildirib ki, festivallarda iştirak etmək kollektivlər üçün müxtəlif xalqların folklor və musiqi nümunələri, rəqsləri ilə yaxından tanış olmaq imkanı yaradır. Builki “İpək Yolu” festivalında milli koloritə, özünəməxsus xüsusiyyətlərə malik olan kollektivlər iştirak edirlər. “Biz festivallarda xüsusi proqramla çıxış edirik. Konsertlərin proqramına müxtəlif xalqların mahnı və rəqslərini, milli musiqisini daxil edirik. Şəki festivalında isə daha çox qazax musiqisinə yer vermişik”, – deyə o vurğulayıb.