Azərbaycan ərazisi XVIII-XIX əsrlərdə aktiv şəkildə xəritəyə köçürülürdü. XIX əsrdə Azərbaycanda topoqrafik planaalma xüsusilə intensiv şəkildə aparılırdı ki, bu da Rusiyanın hərbi ehtiyacları ilə əlaqəli idi. Topoqrafik planaalma iki, beş və on verst, bəzi bölgələr və şəhərlər üçün isə - bir verst, yarım verst daha böyük miqyasda aparılırdı.

Azərbaycanda sovet hakimiyyətinin qurulmasından əvvəl hərbi məqsədlər üçün topoqrafik planaalma ilə yanaşı, xəritə tərtibatı və müxtəlif mövzulara aid xüsusi xəritələrin nəşri ayrı-ayrı idarələr – Torpaq və Əmlak Nazirliyi, Torpaq Mərz İdarəsi, Dövlət Mülkləri və Əkinçilik Nazirliyi, Köçürmə İdarəsi, Rabitə Yolları İdarəsi və s. tərəfindən hazırlanırdı. Əksər topoqrafik planaalma nəticələri xəritələrin tərtib və nəşr olunduğu xüsusi topoqrafik depo-anbara (Tiflisdə) daxil olurdu.

Məzmununa görə böyük elmi-təcrübi əhəmiyyəti olan xəritələrdən biri – “Karta Karabaqskix kazyonnıx letnix pastbiş” (Qarabağ dövlət yay otlaqlarının xəritəsi) - 1899-cu ildə M.A.Skibitski tərəfindən Tiflisdə nəşr olunub və “Materialı dlya ustroystva kazyonnıx letnix i zimnix pastbiş i dlya izuçeniya skotovodstva na Kavkaze” (Tiflis, 1899, tom 4) kitabında yer alıb. M.A.Skibitski uzun müddət Zaqafqaziyada (indiki Cənubi Qafqaz) işləyib və inqilabdan əvvəl burada torpaq idarəçiliyinə rəhbərlik edib. O, həmçinin Qarabağda otlaq təsərrüfatı ilə bağlı əhəmiyyətli iqtisadi tədqiqatlar aparıb. 1920-ci illərin əvvəllərində Azərbaycan və Ermənistan arasında aparılan danışıqlarda iştirak edib, iki respublikanın inqilabi komitələrinin sədrləri - S.Kasyan və N.Nərimanovla şəxsən tanış olub. M.A.Skibitski uzun illər ərzində Zaqafqaziya Mərkəzi İcraiyyə Komitəsinin torpaq komissiyasının 1928-ci ilədək fəaliyyətinə dair bir çox qiymətli faktiki materialları əks etdirən qeydlərin qorunub saxlanıldığı Qarabağ tarixinə dair geniş bir arxiv toplayıb. 1929-cu ildə S.M.Kirov və Ermənistanın inqilab komitəsinin sədri S.İ.Kasyan bu materiallarla tanış olublar.

Kartoqrafik mənbələr, xüsusilə, “Qarabağ dövlət yay otlaqlarının xəritəsi” bu ərazinin tarixinin, iqtisadi inkişafının, coğrafiyasının və toponimlərinin öyrənilməsi üçün dəyərli məlumatlar verir. Həmin xəritə on verst (1 düymdə 10 verst) miqyasda tərtib edilib (1:420000). Koordinat şəbəkəsinə malik xəritədə paralellər və meridianlar 15 dəqiqədən bir çəkilib. Bütün növ yaşayış məntəqələri, yol və çay şəbəkələri ətraflı şəkildə göstərilib, dövlət, quberniya və qəza sərhədləri çəkilib. Yelizavetpol quberniyasının Cəbrayıl, Cavanşir, Yelizavetpol, Zəngəzur, Şuşa qəzalarının və Bakı quberniyasının Cavad qəzasının bir hissəsinin otlaqları xəritədə fərqli rəngli fonla verilib. I - VIII rum rəqəmləri ilə səkkiz bölgə göstərilir: Murovdağ, Yuxarı-Tərtər, Zəngəzur, Sisian, Kopan, Qırx-Qız, Kirs-Sarıbaba, Kirs-Ziarat.

Kitabın və onun əlavəsi olan xəritənin müəllifi M.A.Skibitski yazırdı: “Araşdırılan Qarabağ otlaqları (eylaqları) Yelizavetpol quberniyasının Cavanşir, Zəngəzur, Şuşa və Cəbrayıl qəzalarında, Qarabağ adlanan ərazinin hüdudlarında yerləşir və daha əvvəl, 1828-ci ildə Rusiyaya birləşdirilməsinə qədər xüsusi Qarabağ xanlığını təşkil edirdi”.

M.A.Skibitski tərəfindən tarixi Qarabağın kəndləri, həyətləri (ailə və ya təsərrüfatlar) və əhalisinin etnik tərkibi barədə mühüm statistik məlumatlar verilir: “Təsvir edilmiş eylaqların istifadəçilərinin ümumi sayı – 26038 həyət evi (ailə və ya təsərrüfatlar) olanlar, 452 kənd arasında paylanmışdır ki, onlardan Cəbrayıl qəzasının 81 kəndində 4048 ailə, Cavanşir qəzasının 102 kəndində 5064 ailə, Yelizavetpol qəzasının 4 kəndində 331 ailə, Zəngəzur qəzasının 175 kəndində 9432 ailə, Şuşa qəzasının 81 kəndində 5223 ailə və Cavad qəzasının 9 kəndində 1940 ailə var.

Etnik tərkibinə görə sözügedən istifadəçilər Azərbaycan tatarlarına (çar dövründə rusiyalı məmurlar azərbaycanlılara tatar deyirdilər - müəllif), kürdlərə, ermənilərə və tatlara (XIX əsrdə Cənubi Azərbaycandan köçmüş azərbaycanlılara tat deyirdilər - müəllif) bölünürdülər. Qarabağ boyunca səpələnmiş 333 ayrı kənddə və Gəncə ovalığında yerləşən iki kənddə 18919 ailə sayında tatarlar yaşayırdı; 3510 ailədən ibarət kürdlər, Zəngəzur qəzasındakı Akara və Bərguşad çayları, Cavanşir qəzasındakı Tərtər və Tutku dərələri boyunca və Cəbrayıl qəzasındakı Bərguşad çayının aşağı axarı boyunca 69 kənddə yaşayırdılar; 3408 ailə tərkibində olan ermənilər – Cavanşir, Zəngəzur və Cəbrayıl qəzalarının yüksək hissəsindəki 47 kənddə və 201 ailə sayda olan tatlar isə Zəngəzur qəzasının Migri sahəsinin bir kəndində (Nüvədi) yaşayırlar”.

1893-cü ildə Zaqafqaziya bölgəsi əhalisinə dair statistik məlumatlara istinad edərək, M.A.Skibitski Yelizavetpol quberniyasının tatarları və kürdləri arasında ailənin (həyətin) orta ölçüsünün 5.3 nəfər, ermənilərdə - 7.1 nəfər, Nüvədi kəndində tatlarda 4.6 nəfər, Bakı quberniyasının Cavad qəzasının tatarlarında isə 6 nəfər olduğunu yazır. Beləliklə, bütün qəzalarda hər etnik qrupun ailələrinin (həyətlərinin) ümumi sayını və hər ailəyə (həyətdə) düşən ortalama adam sayını bilməklə XIX əsrin sonunda tarixi Qarabağ əhalisinin etnik tərkibi üçün orta göstəriciləri hesablamaq mümkündür: tatarlar (Yelizavetpol quberniyasının qəzalarına görə) 1 ailəyə düşən ortalama adam sayını (5.3) və ailələrin ümumi sayını (16979) nəzərə almaqla, cəmi 89989 nəfər idi; Cavad qəzasında (Bakı quberniyası) tatarlar (6 nəfər × 1940 ailə) 11640 nəfər; kürdlər (5.3 nəfər × 3510 ailə) 18603 nəfər; ermənilər (7.1 nəfər × 3408 ailə) – 24197.0 nəfər; tatlar (4.6 nəfər × 201 ailə) – 925 nəfər təşkil edirdi. Ümumilikdə, Qarabağ bölgəsinin bütün qəzaları üçün əhali 145354 nəfər idi.

Statistik göstəricilər, rus tədqiqatçısı M.A.Skibitskinin qeyd etdiyi kimi, Azərbaycan tatarlarının “bütün Qarabağ boyunca səpələnmiş 333 ayrı kənddə yaşadıqlarını” və bununla yanaşı XIX əsrin sonunda həm kəndlərin, həm də əhalinin sayına görə əhəmiyyətli üstünlüyə malik olduğunu göstərir. 1899-cu ildə azərbaycanlılar (tatarlar) 70 faiz, ermənilər - 16,6 faiz, kürdlər - 12,7 faiz və tatlar - bütün Qarabağ əhalisinin 0,7 faizini təşkil edirdilər. Qarabağın 452 kəndindən 333-də azərbaycanlılar yaşayırdılar ki, bu da Qarabağdakı bütün kəndlərin 73,7 faizini təşkil edirdi. Ermənilər ümumi kənd sayının 10,4 faizini təşkil edən 47 kənddə, kürdlər isə Qarabağın 69 (15,3 faiz) kəndində yaşayırdılar.

M.A.Skibitskinin statistik məlumatlarına əlavə olaraq, Qarabağ əhalisinin coğrafiyası, iqtisadiyyatı, etnik tərkibi haqqında zəngin məlumatlar tapa biləcəyimiz bir çox tarixi mənbələr, statistik məlumatların topluları, təqvimləri mövcuddur. Bu mənbələr Qarabağ əhalisinin etnik tərkibindəki say baxımından dəyişiklikləri qərəzsiz izləməyə imkan verir. Buna ehtiyac Qarabağ münaqişəsi (1988-2020) və erməni tərəfinin 1921-1923-cü illərdə Qarabağın dağlıq hissəsindəki ermənilərin sayını süni şəkildə artırmaq üçün əsassız cəhdləri ilə əlaqədar ortaya çıxmışdır.

Qarabağ xanı İbrahim Xəlil xan tərəfindən Kürəkçay sülh müqaviləsinin (1805) imzalanmasından sonra, Qarabağ xanlığı Rusiyanın hərbi üstünlüyünü tanıdı və onun tərkibinə daxil edildi. Gülüstan (1813), Türkmənçay (1828) və Ədirnə (1829) müqavilələri ilə bitən Rusiya-İran (1826-1828) və Rusiya-Türkiyə (1828-1829) müharibələri nəticəsində ermənilərin Şimali Azərbaycana kütləvi köçürülməsi başlandı. Onların sayı sürətlə artdı və əhalinin etnik tərkibinə böyük təsir göstərdi. 1823-cü ilin vergi siyahılarına görə Qarabağ bölgəsindəki əhalinin etnik tərkibi ailə sayına görə aşağıdakı göstəricilərə malik idi: azərbaycanlılar - 15729 ailə (78,3 faiz), ermənilər - 4366 ailə (21,7 faiz), üstəlik, əgər Şuşa əhalisini istisna etsək, onda kənd əhalisinin sayına görə azərbaycanlıların (21,3 faizə qarşı 78,7 faiz) üstünlüyü daha da artır. 1988-ci ilin fevralında başlayan Qarabağ münaqişəsi ilə əlaqədar olaraq tez-tez bildirilirdi ki, 1923-cü ildə DQMV qurulduqda, ermənilər bu süni şəkildə ayrılmış inzibati vahiddə əhalinin 95 faizini təşkil edirlər. Belə bir bölgənin ayrılmasına haqq qazandırmaq üçün qurulmasından bir neçə il əvvəl yuxarı Qarabağ əhalisinin etnik tərkibi haqqında bilərəkdən səhv məlumatlar yayılmağa başladı.

Cənubi Qafqazın (Zaqafqaziya) yeni tarixinin aparıcı tədqiqatçılarından biri, amerikalı professor Tadeuş Svetoxovski (1989) 1919-cu ildə Dağlıq Qarabağ əhalisi arasında azərbaycanlılar və ermənilərin nisbətinin 3:2 olduğunu qeyd etmişdi. M.A.Skibitskinin statistik məlumatlarına əsasən, XIX əsrin sonunda müəyyənləşdirilə bilər ki, ümumiyyətlə, Qarabağda təxminən 101 min 600 azərbaycanlı və 24 min 200 erməni yaşayırdı. 1899-cu ildə azərbaycanlılar (tatarlar) 70 faiz, ermənilər 16,6 faiz, kürdlər 12,7 faiz və tatlar bütün Qarabağ əhalisinin 0,7 faizini, yəni 1899-cu ildə vahid Qarabağ daxilində yaşayan azərbaycanlıların və ermənilərin sayı 4:1 nisbətində idi. Beləliklə, 1899-1919-cu illər arasında, cəmi 20 il ərzində Qarabağ əhalisinin etnik tərkibi dəyişməyə başlayır və azərbaycanlılarla ermənilərin nisbəti sonuncunun lehinə getdikcə daha çox dəyişir, lakin buna baxmayaraq ermənilərin sayca üstünlüyündən danışmaq olmaz. Aydındır ki, 20 ildə təbii artım səbəbinə nisbətdə belə surətli dəyişiklik ola bilməzdi, çünki XIX əsrin sonunda bütövlükdə Qarabağda yalnız 24200 erməni yaşayırdı.

Tarixi mənbələrdə yalnız 1828-1911-ci illərdə Rusiyanın İran və Türkiyədən bir milyondan çox erməninin bu bölgəyə köçürüldüyü və onların əsasən Şimali Azərbaycan ərazilərinə yerləşdirildiyi qeyd edilir. Tarixi mənbələrdən artımın Türkiyədən və İrandan ermənilərin Cənubi Qafqaza, o cümlədən Yelizavetpol quberniyasına daxil olan Qarabağa çarizmin köçürülmə siyasətinin həyata keçirilməsindən qaynaqlandığı məlumdur.

Yaşayış məntəqələrinin, oroqrafik və hidroqrafik obyektlərin, həmçinin bulaq, kəhriz, məscid, kilsə, monastır adları daxil olmaqla, bütün adları özündə cəmləşdirən “Qarabağ dövlət yay otlaqlarının xəritəsi”ndə mindən çox coğrafi ad (toponim) göstərilir. 1035 toponimdən, M.A.Skibitskinin xəritəsində qeydə alınmış coğrafi adların ümumi sayının 866-sı və ya 84 faizi Azərbaycan-türk mənşəli, 5 faizi erməni mənşəli, 11 faizi isə digər mənşəli toponimlərdir.

Beləliklə, M.A.Skibitski tərəfindən tərtib edilmiş xəritənin təhlili əsasında aşağıdakı nəticələrə gəlmək olar:

- XIX əsrin sonunda coğrafi adların əksəriyyəti (84 faiz) və bu səbəbdən tarixi Qarabağın toponimik fonu Azərbaycan-türk mənşəlidir və ən qədimdir;

- XIX əsrin sonuna aid xəritə həm təbii, həm də iqtisadi baxımdan tarixi Qarabağın aran (düzənlik) və yuxarı (dağlıq) hissələrinin birliyini, bütöv ekosistem olduğunu göstərir. Xəritənin coğrafi məzmun elementləri azərbaycanlıların Qarabağın düzənlik və dağlıq hissələrinin əsas istifadəçiləri olduqlarını təsdiqləyir;

- yuxarıdakı nəticələr, fikrimizcə, Qarabağın vahid bir təbii-iqtisadi sistem (ekosistem) olduğunu başa düşmək üçün arqument ola bilər. Əvvəlcə muxtar vilayət “Dağlıq Qarabağ” olaraq təyin edilmiş və daha sonra isə (30-cu illərin əvvəllərindən) onun bir qədər fərqli, “mahiyyət etibarilə eyni olmayan” “Dağlıq Qarabağ Muxtar Vilayətinə” necə çevrildiyi məlum deyil. DQMV-i süni inzibati vahid olaraq Qarabağın təbii-iqtisadi bütövlüyünü pozdu, lakin bu bölgə üçün ən təhlükəli nəticələr sonradan Qarabağ münaqişəsinin və iki müharibənin (1988-2020) əsas səbəbi olan erməni millətçiliyi və separatizmi ilə əlaqəlidir;

- 1923-cü ildə DQMV-in qurulmasından sonra hadisələrin sonrakı gedişi göstərdi ki, bu inzibati ərazi vahidi əslində gec açılan bombaya çevrildi. Erməni millətçi-separatçıları və onların xarici təhrikçiləri, xüsusi xidmət orqanları Azərbaycanda, Cənubi Qafqazda daxili vəziyyəti bu bomba vasitəsilə partlatmağa hazırlaşdıqları zaman, həm də SSRİ-nin dağılması üçün zəncirvari reaksiya başlanğıcı olaraq istifadə etməyi planlaşdırırdılar. Tarixin sonrakı inkişafı 1921-1923-cü illərdə daşnak erməniləri tərəfindən bolşeviklərlə birlikdə hazırlanan bu ssenarini 1988-2020-ci illərdə tam təsdiqlədi.

Şamil Əzizov
Akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun Kartoqrafiya və geoinformatika şöbəsinin müdiri