2-6 iyul tarixlərində Danimarkanın paytaxtı Kopenhagendə Beynəlxalq Memarlar İttifaqının (BMİ) təşkilatçılığı ilə Dünya Memarlar Konqresi keçirilib.

“Dayanıqlı gələcək: heç kəsi geridə qoymayın” mövzusuna həsr olunan tədbirə 100-dən çox ölkədən nümayəndələr qatılıb.

Konqresdə ölkəmizdən Azərbaycan Memarlar İttifaqının sədri professor Elbay Qasımzadə, Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) rektoru professor Gülçöhrə Məmmədova, İtaliya-Azərbaycan Dizayn Mərkəzinin direktoru Fərid Kərimov və başqaları iştirak ediblər.

Məşhur memarlar, yeni istedadlar, elm adamları ilə yanaşı, transmilli şirkətlərin rəhbərləri və nüfuzlu siyasətçilərin iştirak etdiyi konqresdə 400-dən çox məruzə dinlənilib. Məruzələr əsasən iqlim dəyişikliyi ilə mübarizə, biomüxtəlifliyi artırmaq və sosial inklüzivliyin təşviqi üçün yeni dizayn yollarının axtarılması məsələlərini əhatə edib.

Konqres “Kopenhagen dərsləri” adı altında sürətli və köklü dəyişiklik üçün 10 prinsipin təqdim edilməsi ilə başa çatıb.