Tədqiqat işlərində beynəlxalq təcrübəyə və əməkdaşlığa önəm verən Qobustan Milli Tarix-Bədii Qoruğunda “Qərbi Asiyada ibtidai incəsənətin yaranması, inkişafı və yayılması: Qobustan (Azərbaycan)” layihəsinin növbəti mərhələsinə start verilib.

Qoruqdan bildirilib ki, layihə Qobustan qayaüstü incəsənətinin öyrənilməsinə töhfə olmaqla yanaşı, beynəlxalq əlaqələrin inkişafı baxımından da əhəmiyyət kəsb edir.

İspaniyanın Palarq Fondu (Fundacion Palarq / Fundacion Atapuerca) və İtaliya Xarici İşlər Nazirliyi tərəfindən maliyyələşdirilən layihə 2019-cu ildən həyata keçirilir. Layihə çərçivəsində Qobustan qoruğundakı Böyükdaş dağının yuxarı səki sahəsində yerləşən Ana zağa düşərgəsinin qayaüstü incəsənətinin, həmçinin düşərgədən qeydə alınmış üzəri təsvirli kiçikölçülü daşların müasir elmi metodlarla öyrənilməsi həyata keçirilir.

Layihənin tətbiqi qayaüstü təsvirlərin öyrənilməsində ən mühüm məsələlərdən olan xronologiya probleminə aydınlıq gətirəcək. Layihədə İspaniyadan Madrid Compultense Universitetinin professoru Marcos Garcia Diez, fəlsəfə doktoru Blanca Ochoa Fraile, İtaliyadan Ferrara Universitetinin fəlsəfə doktoru Dario Sigari və Qobustan Milli Tarix-Bədii Qoruğunun aparıcı elmi işçisi Sevinc Şirinli iştirak edirlər.

Tədqiqat işlərinə qoruğun aparıcı elmi işçiləri Günay Verdiyeva, Nuranə Həsənova və abidə mühafizi Rafael Bəkirov cəlb olunacaq.

***

Bu arada Qobustan Milli Tarix-Bədii Qoruğunun direktoru Vüqar İsayevin başçılığı ilə  bir qrup əməkdaş Rusiya Federasiyası Başqırdıstan Respublikasında elmi ezamiyyətdə olublar. Səfər çərçivəsində qoruq əməkdaşları dünyanın ən məşhur Paleolit dövrü qayaüstü incəsənət abidələrindən olan Şulqan-Taşda aparılan tədqiqat işləri ilə maraqlanıblar, arxeoloji abidələrin öyrənilməsi və qeydə alınması ilə bağlı təcrübə mübadiləsi aparıblar.

Qoruqdan bildirilib ki, qazıntı prosesinin dron aparatı vasitəsilə sənədləşdirilməsi prosesində iştirak edən əməkdaşlara aşkarlanmış arxeoloji materialların təmizlənməsi, qeydə alınması və rəqəmsal texnologiyanın köməyi ilə onların məlumat bazasının hazırlanması haqqında məlumat verilib. Qoruq əməkdaşları Şulqan-Taş Muzey Kompleksinin istifadəyə verilməsinin birinci ildönümü münasibətilə təşkil olunmuş   seminarda da iştirak ediblər. Seminarda çıxış edən Vüqar İsayev qoruqda aparılan elmi tədqiqat işləri, beynəlxalq əməkdaşlıq və yeni layihələr barədə məlumat verib.

Səfər zamanı əməkdaşlığın davam etdirilməsi, qoruqlar arasında təcrübə mübadiləsinin aparılması və qarşılıqlı sərgilərin keçirilməsi barədə ilkin razılıq əldə olunub.