Xəbər verildiyi kimi, Müqəddəs Taxt-Tacın – Vatikanın dövlət katibi kardinal Pietro Parolin Azərbaycana səfər edib.

Vatikanın dövlət katibi Pietro Parolin iyulun 10-da Azərbaycanın mədəniyyət naziri Adil Kərimli ilə görüşüb.

Görüşdə Azərbaycan və Müqəddəs Taxt-Tac arasındakı mövcud əlaqələr, mədəniyyət sahəsindəki layihələr, o cümlədən muzeylər və kitabxanalar arasındakı əməkdaşlıq məsələləri müzakirə edilib.

Vatikanın dövlət katibi 2023-cü ildə Bakıda keçiriləcək Dünya Mədəniyyətlərarası Dialoq Forumuna dəvət olunub.

***

Müqəddəs Taxt-Tacın dövlət katibi kardinal Pietro Parolin iyulun 10-da Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib.

Pietro Parolin Fəxri xiyabanda Ümummilli lider Heydər Əliyevin məzarı önünə gül dəstəsi qoyaraq əziz xatirəsini ehtiramla anıb.

Müqəddəs Taxt-Tacın dövlət katibi ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan vətəndaşlarımızın məzarlarını ziyarət edib, “Əbədi məşəl” abidəsi önünə gül dəstəsi qoyub.

Kardinal Pietro Parolin daha sonra Heydər Əliyev Mərkəzində olub. Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov qonağa Mərkəzin fəaliyyət istiqamətləri və burada nümayiş olunan sərgilər barədə məlumat verib.

***

Vatikanın dövlət katibi Bakıda “Tereza Ananın mərhəmət bacıları” sığınacağında və Müqəddəs Məryəm katolik kilsəsində də olub.

İyulun 11-dək davam edən səfər çərçivəsində Müqəddəs Taxt-Tacın dövlət katibi dini icmaların nümayəndələri ilə də görüşlər keçirib.

Azərbaycanla Vatikan arasında əlaqələr xüsusilə 2002-ci ildə Papa II İohann Pavelin Bakıya səfərindən sonra böyük inkişaf yolu keçib. 2016-cı ildə Papa Fransiskin ölkəmizə səfəri bu əməkdaşlığa yeni zəmin yaradıb.

Müqəddəs Taxt-Tac ilə Heydər Əliyev Fondu arasında da səmərəli əməkdaşlıq qurulub. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Fond tərəfindən Vatikanda bəşəri əhəmiyyət daşıyan bir sıra tarixi abidələrin bərpası mədəni irsin qorunmasına mühüm töhfədir. Həmin layihələr dünya mədəni, tarixi və dini irsinin qorunması ilə yanaşı, mədəniyyətlər və dinlərarası əlaqələrin inkişafında Azərbaycanın rolunu bir daha təsdiqləyir.