“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” ilə bağlı boyukqayidish.gov.az portalı hazırlanıb. İyulun 12-də Nazirlər Kabinetində Dövlət Proqramının icrasının gedişinə həsr olunmuş iclasda portalın təqdimatı olub.

Nazirlər Kabinetinin Aparatının rəhbəri Rüfət Məmmədov ölkə başçısının 2022-ci il 16 noyabr tarixli sərəncamı ilə Dövlət Proqramı üzrə görülən və görüləcək işlər barədə danışıb. Bildirib ki, sərəncamla Nazirlər Kabinetinə Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrasına nəzarətin və hesabatlılığın həyata keçirilməsi, eləcə də nəzərdə tutulmuş tədbirlərin icra vəziyyəti barədə ildə iki dəfə Azərbaycan Prezidentinə məlumat verilməsi tapşırılıb. Həmçinin nəzərdə tutulmuş tədbirlərin icrasının monitorinqinin və qiymətləndirilməsinin Nazirlər Kabinetinin sifarişi üzrə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) tərəfindən həyata keçirilməsi qeyd olunub. Proqramın icrası üçün Nazirlər Kabinetinin müvafiq sərəncamı qəbul edilib. Proqram çərçivəsində işlərin gedişinə nəzarətin səmərəli təmin olunması məqsədilə İİTKM-yə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə birlikdə “İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair Dövlət Proqramının icrasına nəzarət və hesabatlılıq Portalı”nın formalaşdırılması tapşırılıb.

Sonra İİTKM-in icraçı direktoru Vüsal Qasımlı boyukqayidish.gov.az portalının təqdimatını edib. Bildirib ki, Dövlət Proqramında 6 prioritet üzrə 25 fəaliyyət istiqaməti müəyyən edilib və 188 tədbirin icrası nəzərdə tutulur. İİTKM-də “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın monitorinq və qiymətləndirilməsinin aparılmasının təmin edilməsi məqsədi ilə “Metodoloji çərçivə” hazırlanıb.

“İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair Dövlət Proqramının icrasına nəzarət və hesabatlılıq Portalı”nın işləmə mexanizmlərinin izahı və tətbiqinə dair təlimlər keçirilib və video təlimat hazırlanıb. Hibrid formatda keçirilən təlimlərdə Dövlət Proqramının icrasında iştirak edən 44 dövlət qurumunun 200-ə yaxın səlahiyyətli nümayəndəsinə portaldan istifadə qaydaları, şərtləri və bölmələri haqqında ətraflı məlumat verilib. Aidiyyəti qurumlar tərəfindən müvafiq məlumatlar portalda yerləşdirilir. Bu məlumatlar əsasında İİTKM tərəfindən monitorinq və qiymətləndirmələr aparılaraq nəticələri Nazirlər Kabinetinə təqdim ediləcək.