Azərbaycanın Milli Qəhrəmanı, şəhid general-mayor Polad Həşimovun şəxsi əşyaları həyat yoldaşı Ofeliya Salmanova tərəfindən Milli Azərbaycan Tarixi Muzeyinə təqdim edilib.

Muzeydən bildirilib ki, ekspozisiyada general-mayor Polad Həşimovun şəxsi əşyalarının nümayişi məqsədilə xüsusi vitrin ayrılıb. Ekspozisiya tezliklə ziyarətçilərin ixtiyarına veriləcək.

General-mayor Polad Həşimovla birlikdə Azərbaycan Ordusunun 12 hərbi qulluqçusu 12-16 iyul 2020-ci ildə Ermənistan silahlı qüvvələrinin sərhəddə, Tovuz rayonu istiqamətində törətdiyi genişmiqyaslı təxribatın qarşısını alarkən qəhrəmancasına həlak olublar. Polad Həşimov iyulun 14-də şəhid olub.

Ağır döyüşlər zamanı həmçinin polkovnik İlqar Mirzəyev, mayor Anar Novruzov, mayor Namiq Əhmədov, gizir Yaşar Babayev, gizir İlqar Zeynallı, müddətdən artıq hərbi xidmət qulluqçuları – Elçin Mustafazadə, Nazim İsmayılov, Vüqar Sadıqov, baş leytenant Rəşad Mahmudov, baş əsgər Elşad Məmmədov və əsgər Xəyyam Daşdəmirov şəhidlik zirvəsinə yüksəlib.