Düşmənin 27 il yerlə yeksan etdiyi şəhər yenidən qurulur...

 

30 il əvvəl bu günlər Ağdam ən ağır günlərini yaşayırdı. Ermənistan silahlı qüvvələrinin Ağdam istiqamətində genişmiqyaslı hücumu başlamışdı. Ağdam Qarabağın ən böyük rayonu idi və onun ərazisinin üçdə ikisinin işğalı belə Azərbaycan üçün çox ağır  itki idi. İşğal 27 ildən çox sürdü...

Bu gün Ağdam dirçəlir, düşmənin viran qoyduğu torpaq, yerlə yeksan etdiyi şəhər yenidən qurulur.

İyulun 13-də Ağdam şəhərindəki Konfrans Mərkəzində “Ağdamın dirçəlişi” adlı tədbir keçirilib. Tədbirdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin rəhbər heyəti, ölkəmizin diplomatik nümayəndəliklərinin rəhbərləri, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyinin əməkdaşları iştirak ediblər.

Tədbir işğaldan azad olunmuş ərazilərdə yenidənqurma işləri ilə bağlı videoçarxın nümayişi ilə başlayıb.

Tədbirdə xarici işlər naziri Ceyhun Bayramov, Qarabağ İqtisadi Rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov çıxış ediblər.

“Prezident İlham Əliyevin dediyi kimi, Ağdamın, Qarabağımızın bərpa edilməsi, dirçəldilməsi, buranı uzun illər Vətən həsrəti ilə yaşayan məcburi köçkünlərimiz və qaçqınlarımız üçün qısa müddət ərzində yenidən gözəl bir yaşayış məkanına çevirmək ölkəmizin bir nömrəli məqsədidir”, – deyə xarici işlər naziri Ceyhun Bayramov bildirib.

Nazir qeyd edib ki, iyulun 11-də Prezident İlham Əliyev 2023-cü ilin altı ayının sosial-iqtisadi inkişafının nəticələrinə dair müşavirədə çox önəmli yeni mesajlar verib. Mesajlar ondan ibarətdir ki, Azərbaycan dövlətinin çox böyük potensialı var. Azərbaycan dövləti ən yüksək standartlarla Qarabağımızı bərpa etməyə qadirdir, bunu tez bir zamanda, keyfiyyətlə edəcək. Buna nə qədər resurs lazımdırsa, Azərbaycan dövləti əsirgəməyəcək. 2023-cü ildə ölkəmizin sosial-iqtisadi inkişafı buna imkan verdi, dövlət büdcəsinə yenidən baxıldı. Prezidentin qeyd etdiyi kimi, dövlət büdcəsinin artırılan 3,1 milyard manatının mütləq əksəriyyəti Qarabağın dirçəldilməsinə və ordu quruculuğuna yönəldiləcək.

Ceyhun Bayramov vurğulayıb ki, Prezidentin siyasətinə uyğun olaraq Azərbaycan regionda sülh, tərəqqi, inkişaf gündəliyini irəli aparır. Bu, bizim bir nömrəli prioritetimizdir. Ancaq bununla paralel olaraq, təbii ki, tarixi cinayətlər, tarixin təkrarlanmaması üçün ölkəmizin faciəvi səhifələri unudulmamalıdır. Bu da bizim gündəliyimizin önəmli bir hissəsi olmalıdır. Nazir qeyd edib ki, işğalın davam etdiyi illərdə Azərbaycan insanlarının çəkdikləri əziyyət, pozulmuş hüquqları, 30 ilə yaxın məcburi köçkünlük və qaçqınlıq həyatı yaşamış insanlar üçün bu gün mina təhdidinin aradan qaldırılması, Ermənistandan qovulmuş insanların bu ərazilərə qayıtmaq imkanının yaradılması və bir sıra digər istiqamətlər üzrə davamlı iş aparılmalıdır.

Nazir bildirib ki, Azərbaycan tərəfinin mövqeyi birmənalıdır. Azərbaycanın çağırışı ondan ibarətdir ki, təxribatlardan çəkinmək lazımdır. Hər kəs, ilk növbədə, Ermənistan başa düşməlidir ki, heç bir təxribat cavabsız qalmayacaq və ən sərt formada cavablandırılacaq.

 

2026-cı ilədək Qarabağ iqtisadi rayonu üzrə 66 min sakin geri qayıdacaq

 

Böyük Qayıdışa dair I Dövlət Proqramına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərdə bütün bərpa və reabilitasiya prosesini 3 əsas mərhələyə bölmək olar. 1-ci mərhələdə 2026-cı ilədək Qarabağ iqtisadi rayonu üzrə 2 şəhər mərkəzinin və 32 kəndin tikilməsi, 3 məntəqənin turizmyönlü inkişaf etdirilməsi, torpaq islahatı ilə bağlı təkliflərin hazırlanması və ən azı 66 min sakinimizin öz dədə-baba torpaqlarına geri qayıdışının təmin edilməsi qarşımızdakı əsas hədəflərdir.

Bunu isə Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov deyib. O qeyd edib ki, sosial infrastruktur baxımından 2026-cı ilin sonunadək Qarabağ iqtisadi rayonu üzrə Ağdam və Füzuli şəhərlərində 8 yaşayış məhəlləsinin, Hadrut və Suqovuşan qəsəbələrinin və 32 kəndin tikilməsi planlaşdırılır. Artıq Talış kəndində 1-ci faza üzrə 20 fərdi yaşayış evi və 10 qeyri-yaşayış obyekti tamamlanaraq keçmiş məcburi köçkünlərə təhvil verilib.

Emin Hüseynovun sözlərinə görə, səhiyyə infrastrukturu üzrə Ağdam və Füzuli şəhərlərində 2 mərkəzi xəstəxananın tikintisinə yaxın zamanlarda başlanılacaq. Ağdamda və Füzulidə Zəfər və açıq hava altında İşğal muzeyləri olacaq. Həmçinin hazırda Füzuli və Ağdam şəhərlərinin mərkəzi parkları və Ağdam Meşə Parkının tikinti layihələri hazırlanma mərhələsindədir.

Bununla yanaşı, hazırda 4 məktəb layihəsi həyata keçirilir. Tərtər rayonunun Suqovuşan qəsəbə tam orta məktəbində bərpa işləri yekunlaşıb, Talış kənd tam orta məktəbi və uşaq bağçası isə artıq istifadəyə verilib. Ağdam şəhərində 2, Füzuli şəhərində isə 1 uşaq bağçası üzrə layihələndirmə işləri aparılır.

“Şübhəsiz ki, mədəni və dini irsin qorunub saxlanılması bizim digər prioritetimizdir. Hazırda Ağdamdakı Cümə və Qiyaslı məscidləri bərpa olunur, Suqovuşan və Hadrut qəsəbələrində isə yeni məscidlərin tikintisi üzrə layihələndirmə işləri aparılır. Pənahəli xanın sarayı – İmarətdə və Şahbulaq qalasında yaxın vaxtlarda bərpa işlərinə başlanılacaq. İmarətdə yerləşən Azərbaycanın görkəmli şairəsi və xan qızı Xurşidbanu Natəvanın qəbirüstü abidəsi özünün ilkin görkəmində artıq bərpa olunub”, – deyə Prezidentin xüsusi nümayəndəsi bildirib.

Tədbirdən sonra iştirakçılar Ağdam şəhərində aparılan bərpa və quruculuq işləri ilə tanış olublar.