Füzuli Dövlət Dram Teatrı 33-cü mövsümə yekun vurub. İyulun 16-da kollektiv sənətsevərlər qarşısında Xaqani Əliyevin “Molla Nəsrəddin” tamaşası ilə çıxış edib.

Tamaşanın quruluşçu rejissoru Nicat Mirzəzadə, quruluşçu rəssamı Ellinaz Balaşova, musiqi tərtibatçısı Ziyad Süleymanzadədir. Rolları Sehran Xanlarov, İntizar Quliyeva, Asif Şirinov, Şəlalə Nəsirova, Qaçaq Qarayev, Əli Hüseynov, Günel Hacıyeva, Elçin Məmmədov, Vüqar Babayev, Emin Abışov, Vüsal Həsənov, Aygün Cəfərova, Qəlbinur Əhmədli ifa ediblər.

Teatrda mövsümün bağlanışı ilə əlaqədar toplantı da keçirilib. Direktor Əməkdar mədəniyyət işçisi Vaqif Vəliyev bu mövsümün kollektiv üçün premyeralar, festival-müsabiqələrdə iştirak, sənət görüşləri ilə yadda qaldığını deyib.

Bildirib ki, teatrda bu il repertuar planına uyğun olaraq Abdulla Elşadlının “Tənhalığın evi”, Xaqani Əliyevin “Molla Nəsrəddin”, Ələsgər Qurbanovun “Tənbəl Əhməd” tamaşaları hazırlanaraq teatrsevərlərin ixtiyarına verilib. Bununla yanaşı, Zəfər Günü, Yeni il və Novruz bayramı ilə əlaqədar proqramlar, eləcə də Xocalı soyqırımına həsr olunmuş “Şəhid şəhər Xocalı” , 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar “Şəhidlər ölməz” poetik xalq tamaşaları rayon ictimaiyyətinə təqdim olunub.

Yaradıcı heyət  “4.4 Qısa tamaşalar” və “Milli klassika” festivallarında, Ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş bədii qiraət müsabiqəsində iştirak edib və diploma layiq görülüb. Bu il teatrın baş rejissoru Əməkdar artist Asif Şirinov və quruluşçu rejissoru Nicat Mirzəzadə Prezident mükafatına layiq görülüblər. Yaradıcı heyət həmçinin Ağdam, Tərtər, Goranboy, Gəncə və Mingəçevirə səfər edib.

Toplantıda teatrın quruluşçu rejissoru Nicat Mirzəzadə yeni mövsümdə görüləcək işlərdən danışıb.

Qeyd edək ki, Füzuli Dövlət Dram Teatrı 34-cü mövsümü Nəcəf bəy Vəzirovun “Yağışdan çıxdıq, yağmura düşdük” tamaşası ilə açacaq.