51 il sonra eyni mövzuya qayıdış...

 

Bakı Gənclər Mərkəzində “Tanrının xilas əli” bədii-sənədli filminin təqdimat mərasimi təşkil olunub.

Ekran əsəri 1958-ci ildə Bakıda, Xəzər dənizində batan azyaşlı qızları xilas edərkən həlak olan məktəbli Tofiq Hüseynovun qəhrəmanlığından bəhs edir.

Filmin ssenari müəllifi və rejissoru Babək Abbaszadə bildirib ki, vaxtilə igidliyi təkcə respublikamızda deyil, bütün keçmiş SSRİ-də yayılmış Bakı məktəblisi (indiki 132-134 nömrəli təhsil kompleksinin şagirdi) Tofiq Hüseynov haqqında yeni film çəkməkdə məqsəd 17 yaşında əbədiyyətə qovuşmuş qəhrəmanı müasir dövrün gənclərinə tanıtmaqdır.

Qeyd edək ki, bu hadisə hələ 1972-ci ildə görkəmli rejissor, Xalq artisti Eldar Quliyevin çəkdiyi “Var olun, qızlar...” bədii filminə mövzu olub. Babək Abbaszadə “Tanrının xilas əli” bədii-sənədli filmi ilə növbəti dəfə, daha real faktlar və şahid xatirələri ilə qəhrəmanın həyatına işıq tutmağa çalışdıqlarını bildirib.

Filmin operatoru Anar Seyidov, məsləhətçisi Əməkdar incəsənət xadimi Cəmil Quliyev, icraçı prodüseri Qənirə Qurbanlıdır. Tofiq Hüseynov rolunu Ceyhun Abasov oynayıb.

Ekran əsərində Tofiq Hüseynovun qısa, lakin mənalı həyatı, qəhrəmanlıq hekayəsi bədii-sənədli formada təqdim edilib. 65 il əvvəl baş vermiş hadisənin canlı şahidləri xatirələrini bölüşüblər.

Tofiq Hüseynovun obrazını səsləndirmiş Əməkdar artist Şövqi Hüseynov, qəhrəmanın ailə üzvləri, yaxınları çıxışlarında filmi yüksək qiymətləndirib, böyük mənəvi əhəmiyyəti olan ekran əsəri kimi daha geniş nümayiş olunması təklifini irəli sürüblər.