Bakı Beynəlxalq Qısa Filmlər Festivalına film qəbulu başlayıb

 

Noyabrın 10-dan 15-dək XIV Bakı Beynəlxalq Qısa Filmlər Festivalı keçiriləcək. Festivalın təşkilat komitəsindən bildirilib ki, müəlliflər festivalın beynəlxalq və yerli müsabiqəsinə xronometrajı 30 dəqiqə, “Cinemobil” müsabiqəsi üzrə isə 5 dəqiqədən çox olmayan filmlərini təqdim edə bilərlər.

Beynəlxalq müsabiqəyə xarici və yerli müəlliflər bədii, sənədli və animasiya filmlərini avqustun 31-dək https://filmfreeway.com/bakuisff  platforması üzərindən göndərməlidirlər. Yerli müsabiqəyə bədii, sənədli, animasiya filmləri və sosial çarxlar qəbul olunur. Müəlliflər filmlərini festivalın saytı (www.filmfestival.az) vasitəsilə sentyabrın 20-dək göndərə bilər.

Yerli müsabiqədə iştirak hüququ qazanan filmlər “Ən yaxşı bədii film”, “Ən yaxşı sənədli film”, “Ən yaxşı animasiya filmi”, “Ən yaxşı sosial çarx”, “Ən yaxşı rejissor”, “Ən yaxşı ssenari” və “Ən yaxşı tələbə filmi” nominasiyası uğrunda yarışacaq.

“Cinemobil”ə mobil telefon, planşet vasitəsilə çəkilən bədii, sənədli filmlər qəbul olunur. “Ən yaxşı film” nominasiyasının qalibi münsiflər heyətinin, “Tamaşaçı rəğbəti” nominasiyasının qalibi isə tamaşaçıların qərarı ilə seçiləcək.

Festivala göndərilən bütün filmlər peşəkar mütəxəssislərdən ibarət seçim komissiyasından keçəcək və müsabiqə bölmələrində yarışacaq filmlər müəyyənləşəcək. Müsabiqə bölmələrində iştirak edəcək qısa filmlərin siyahısı oktyabrın 25-də elan olunacaq.

Qeyd edək ki, Bakı Beynəlxalq Qısa Filmlər Festivalının əsas mükafatı – “Qızıl nar”dır. Bununla yanaşı bəzi nominasiyalar üzrə qaliblərə xüsusi mükafat və diplom təqdim edilir. Gənc Kinematoqrafçılar Mərkəzinin təsis etdiyi Bakı Beynəlxalq Qısa Filmlər Festivalının məramı ölkəmizdə kinematoqrafın təməllərindən hesab olunan qısa filmlərə marağın artırılması, gənc kinematoqrafçıların həvəsləndirilməsi və onlara dəstək verilməsidir. Ötən müddətdə festivala göndərilən filmlər arasında Kann, Venesiya, Berlin film festivallarında, “Oskar” mükafatı uğrunda yarışmış filmlər də yer alıb.