İlon Maskın xAI şirkəti süni intellekt (AI) modellərini öyrətmək üçün tviter yazılarından istifadə edəcək.
Bu barədə məlumat verən İlon Mask deyib: “Düşünürəm ki, biz də təlim üçün hər kəsin etdiyi kimi, – əlbəttə, şəxsi heç nəyə toxunmadan, – ictimai tvitlərdən istifadə edəcəyik”. Mask digər şirkətlərin süni intellekt modellərini öyrətmək prosesində sosial şəbəkədəki paylaşımlardan “qeyri-qanuni istifadə etdiyini” vurğulasa da, söhbətin hansı şirkətlərdən getdiyini açıqlamayıb.
Maskın qeyd etdiyi kimi, xAI ən təhlükəsiz yanaşma olan “ən çox maraqlanan və həqiqəti axtaran” süni intellekt yaratmağa çalışacaq. “xAI-ın əsas amalı kainatı dərk etmək məqsədini həyata keçirəcək yaxşı süni intellekt yaratmaqdır”, – deyə o bildirib. Eyni zamanda o, süni intellekt sahəsinin tənzimlənməsinin tərəfdarı olduğunu vurğulayıb.
İlon Mask xAI-ın sahibi olduğu elektrikli avtomobil şirkəti “Tesla” ilə sıx əməkdaşlıq edəcəyini də söyləyərək, onların qarşılıqlı fayda gətirəcəyini deyib. O, süni intellekt sahəsindəki inkişafın “Tesla”nın avtopilot sisteminin təkmilləşdirilməsi üçün tətbiq olunacağını istisna etməyib.