Ölkəmizin ornitoloji turizm və qastroturizm imkanları Britaniyada tanıdılıb

 

Azərbaycanın ornitoloji turizm imkanları Böyük Britaniyanın Rutland vilayətində keçirilən Qlobal Quş Müşahidəçiliyi (“Global Bird Fair”) turizm sərgisində tanıdılıb.

Dövlət Turizm Agentliyindən (DTA) bildirilib ki, sərgidə Böyük Qafqaz və Talış dağlarında, Nabran sahili, Mingəçevir su anbarı və Kür çayı sahilində, Beşbarmaq, Xınalıq, Ləzə kimi təbiət ərazilərində mövcud quş müşahidəçiliyi potensialı, Azərbaycanda olan nadir quş növləri, Qızılağac, Altıağac, Ağgöl, Abşeron və Şirvan milli parklarındakı biomüxtəliflik və quş müşahidəsi üçün əlverişli mövsümlər haqqında ziyarətçilərə ətraflı məlumat verilib.

Qeyd edək ki, Qlobal Quş Müşahidəçiliyi (“Global Bird Fair”) turizm sərgisi ekoturizmin vacib bir istiqaməti kimi ornitoloji turizmin təbliği üzrə beynəlxalq tədbir kimi hər il keçirilir. Bu il sərgidə 20-dək ölkədən 200-dən çox şirkət və qurum təmsil olunub.

***

Azərbaycanın qastroturizm imkanları isə DTA-nın dəstəyi ilə Londonda keçirilən “National Geographic Traveller” kulinariya festivalında təbliğ edilib. Tədbirdə milli mətbəx irsi, Azərbaycana məxsus çay mədəniyyəti, milli şirniyyatlar təqdim olunub.

Festivalın ziyarətçiləri plov, qutab, kükü kimi milli kulinariya nümunələrini, o cümlədən Azərbaycan şərablarını dadmaq imkanı əldə ediblər.

Tədbir çərçivəsində “Çay mərasimi”, “Düyü və zəfəran” ustad dərsləri, Azərbaycan şərablarının dequstasiyası keçirilib.

Milli stendimizi Azərbaycanın Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığında səfiri Elin Süleymanov da ziyarət edib.