Hollivud aktyorları tətilə başlayıblar
ABŞ Kinematoqrafçılar Gildiyası böyük studiyalar və yayım şirkətləri ilə ödənişlərin artırılması ilə bağlı razılığa gələ bilmədiyi üçün Hollivud aktyorları tətil edirlər.
ABŞ Ekran Aktyorları Gildiyası və Amerika Televiziya və Kino Aktyorları Federasiyasının danışıqlar komitəsinin rəhbəri Dunkan Krabtri- İreland bildirib ki, mövcud yayım modeli aktyorların filmlərin təkrar nümayişindən qazanc əldə etmələrini çətinləşdirir və yüksək inflyasiya onların dolanışıqlarını təmin etmək imkanlarını zəiflədir.
Etirazda 160 minə yaxın kino və televiziya aktyorunun iştirakı gözlənilir. Bu səbəbdən ABŞ-də bütün premyera tədbirləri ləğv edilib.
Kristofer Nolanın “Oppenheimer” filmi Hollivuddakı tətilin ilk qurbanlarından olub. Ekran əsərində əsas rolların ifaçıları olan aktyorlar Nyu-Yorkda iyulun 17-nə planlaşdırılan premyeraya qatılmaqdan imtina ediblər.
ABŞ Kinematoqrafçılar Gildiyasının tətili Hollivudun film istehsalını dayandırıb. Tətil təlimatlarına əsasən, bu müddət ərzində bütün kinostudiyalarda film istehsalı ilə məşğul olmaq qadağandır.