Xəbər verildiyi kimi, 14-16 iyul tarixlərində Bakı Ekspo Mərkəzində 3-cü “Yüksəliş” müsabiqəsinin final mərhələsi keçirilib.

Final mərhələsinin üçüncü günündə iştirakçılar Təşkilat Komitəsinin üzvləri və idarəçi rəhbərlərin müşahidəsi ilə “Azərbaycan arzusu” keysi üzrə tapşırıqları yerinə yetiriblər. İdarəçi rəhbərlərin suallarına cavab verən iştirakçılar keys üzrə təqdimatdan sonra qiymətləndiriliblər. Hər masaya təyin edilmiş mentor komandada öz səriştəsi ilə seçilən bir finalçıya qiymətləndirmə balı təqdim edilib. Təqdim edilən mentor balı iştirakçıların ümumi balına əlavə olunub.

Bununla da 3-cü “Yüksəliş” müsabiqəsinin finalı başa çatıb. Müsabiqə qaliblərinin adlarının iki iş günü ərzində açıqlanacağı bildirilib.

Qeyd edək ki, finalda müsabiqənin əvvəlki mərhələlərini uğurla başa vuran 109 nəfər iştirak edib. İştirakçıların 8 səriştəsi (strateji düşüncə, nəticələrə yönümlülük, komanda işi bacarığı, kommunikasiya bacarıqları, dəyişikliklərin və innovasiyaların idarə edilməsi, liderlik, sosial məsuliyyət və effektivliyin idarə edilməsi) ekspertlər və idarəçi rəhbərlər tərəfindən qiymətləndirilib.

Xatırladaq ki, 2023-cü il fevralın 17-dən qeydiyyatına start verilən 3-cü “Yüksəliş” müsabiqəsinə 13 min 474 nəfər müraciət edib. Müsabiqə 5 mərhələdən – qeydiyyat, onlayn seçim, əyani, yarımfinal və finaldan ibarətdir. Müsabiqənin 20 qalibini bir il ərzində idarəçi rəhbərlərdən – böyük şirkətlərin top-menecerlərindən və dövlət orqanlarının rəhbərlərindən fərdi karyera məsləhətləri almaq imkanı, kadr ehtiyatı bankına daxil edilmə və 20 min manat dəyərində pul mükafatı gözləyir.

“Yüksəliş” müsabiqəsi Prezident İlham Əliyevin 2019-cu il 26 iyul tarixli sərəncamı ilə təsis olunub. İlk müsabiqə 2020-2021-ci illərdə gerçəkləşib. 2-ci “Yüksəliş” müsabiqəsi 2022-ci ildə keçirilib.