Prezident TBMM-in nümayəndə heyətini qəbul edib

 

Türkiyə ilə Azərbaycan arasında münasibətlər “Bir millət, iki dövlət” prinsipi əsasında inkişaf edir.

Türkiyənin keçmiş vitse-prezidenti, hazırda Türkiyə Böyük Millət Məclisində (TBMM) Xarici əlaqələr komitəsinin sədri olan Fuat Oktay bu fikri Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdə deyib.

Fuat Oktay Şuşa Bəyannaməsi (2020) ilə rəsmi olaraq müttəfiqlik səviyyəsinə yüksələn Azərbaycan-Türkiyə münasibətlərinin həmin sənəddən irəli gələn məqsəd və məramlar əsasında daha da inkişaf etdirilməsinin önəmini vurğulayıb. İqtisadi-ticari əlaqələrin genişlənməsindən məmnunluğunu bildirən TBMM-in komitə sədri ölkələrimizin Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığının genişlənməsi istiqamətində səyləri yüksək qiymətləndirib. O, həmçinin iki ölkə arasında enerji, təhsil, hərbi, hərbi-texniki, müdafiə və digər sahələrdə əməkdaşlıq məsələlərini qeyd edib.

Azərbaycan ilə Türkiyə arasında hərbi, hərbi-texniki sahədə əməkdaşlığın inkişafına toxunan Prezident İlham Əliyev bu ilin iyun ayında Rəcəb Tayyib Ərdoğanın Bakıya səfəri zamanı Hərbi Hava Qüvvələrinin yeni Mərkəzi Komanda Məntəqəsinin açılışında iştirakının bu əməkdaşlığın növbəti nümunəsi olduğunu bildirib. Şuşa Bəyannaməsi ilə müttəfiqlik prinsipi əsasında ölkələrimiz arasında əlaqələrin inkişaf etdiyini diqqətə çatdıran İlham Əliyev Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın parlament səviyyəsində daha da inkişaf etdirilməsinin, parlamentlərin xarici əlaqələr komitələrinin bu çərçivədə fəaliyyətinin daha da genişləndirilməsinin vacibliyini vurğulayıb.

Görüşdə Orta Dəhliz, enerji sahələrində əməkdaşlıq məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb, son dövrlərdə Türkiyə ilə Azərbaycan arasında preferensial (güzəştli) ticarət sazişindən irəli gələrək iqtisadi-ticari əlaqələrin daha da genişləndirilməsi və ticarət dövriyyəsinin 6 milyard dollara çatması müsbət məqamlar kimi qeyd olunub.