Azərbaycan Kaskadyorlar Assosiasiyasının sədri, Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvü, Əməkdar mədəniyyət işçisi Əli Məmmədov Özbəkistanın istehsal etdiyi “Üç qəhrəman” adlı tammetrajlı bədii filmə dəvət olunub.
Ə.Məmmədov Özbəkistanda dövlət sifarişi ilə çəkilən “Üç qəhrəman” filmində (“Spectre” kinostudiyası) avtomobil tryuklarının quruluşçusu olacaq. Çəkilişlərdə digər azərbaycanlı kaskadyorlar Əhməd Cəfərov, Fərid İbrahimov, Ağababa Fətullayev və Vüqar Xudaverdiyev də yer alacaqlar. Filmdəki döyüş və atışma səhnələrinə isə Qazaxıstan kaskadyorları çəkilir.
“Kaskadyor qrupumuzla birgə Özbəkistanda filmin çəkilişlərindəyik. Qazaxıstanın peşəkar kaskadyor qrupu ilə birgə çalışırıq. Hələlik hazırlıq mərhələsindəyik. Bir neçə gün sonra çəkilişlərə start veriləcək”, – deyə o qeyd edib.
Onun sözlərinə görə, filmin süjeti üç qəhrəman üzərində qurulub, onlardan ikisi polisdir. Şəhərdə cinayət dəstəsi yeni bir hadisə törətməyi planlaşdırır. Polislər bundan xəbərdardır və partlayışın baş verməməsi üçün yük maşınını şəhərdən uzaqlaşdırmaq istəyirlər. Bu səhnələrdə tryukları azərbaycanlı kaskadyorlar icra edəcəklər.