Bunun üçün texnologiya şirkətlərindən ödəniş tələb edirlər

 

Aralarında Marqaret Etvud və Süzen Kollinzin də olduğu 8 mindən çox yazıçı onların əsərlərinin süni intellekt modellərinin öyrənilməsində istifadə olunmasının əleyhinə çıxıblar.

Müəlliflər öz kitablarının süni intellektin təkmilləşməsində istifadəsinə görə mükafat tələb edirlər. Onlar həmçinin bəzi texnologiyaların bu əsərlərin müəllif üslubunun surətini çıxarmasına şərait yaratması ilə də razı deyillər.

Yazıçıların məktubu “OpenAI”nin rəhbəri Sem Altmana, “Alphabet”in başçısı Sundar Piçaiyə, “Meta”nın təsisçisi Mark Zukerberqə və digər texnologiya kompaniyalarının rəhbərlərinə ünvanlanıb. Məktubda deyilir: “Böyük dil modellərində yaradılmış generativ süni intellekt texnologiyaları öz mövcudluğunu bizə borcludur”. Onlar müəllif hüquqlarını qorumağı və yazıçıların əsərlərindən istifadə üçün təzminat ödəməyi tələb ediblər. Yazıçıların fikrincə, bu kitablar olmadan “süni intellekt bəsit və son dərəcə məhdud olardı”.

***

Bu arada süni intellektin nəzarətsiz buraxılacağı təqdirdə gələcəkdə böyük təhlükələrə yol açacağı barədə daha bir xəbərdarlıq BMT-nin Baş katibi Antonio Quterreşdən gəlib.

BMT Təhlükəsizlik Şurasının növbəti iclasında Antonio Quterreş inkişaf edən texnologiyaların idarəetməsini asanlaşdırmaq məqsədilə yeni bir təşkilatın yaranmasının vacibliyini nəzərə çatdırıb. Bundan əlavə, o, süni intellektin yaratdığı potensial risklərə diqqəti çəkib. Baş katib bildirib ki, süni intellektlə nüvə silahları, biotexnoloji, nevrotexnoloji və robotik texnologiya arasında qarşılıqlı əlaqə təhlükəli nəticələrə yol aça bilər. Onun sözlərinə görə, süni intellektin sosial, rəqəmsal, iqtisadi məsələlərdə istifadə edilməsi cəmiyyətə daha çox fayda verəcək.