18-22 iyul tarixlərində Qırğızıstanın paytaxtı Bişkekdə XI Beynəlxalq qısametrajlı film festivalı keçirilir.

Keçmiş sovet respublikalarının iştirakı ilə gerçəkləşən ənənəvi festivalda bu il Azərbaycanı rejissor İqor Smolanın “Dağıntı” (“Destruction”) filmi təmsil edir. Ekran əsərində əsas rolları Vüsalə Ağayeva, Vüqar Arıqlar və Rahib Məmmədzadə ifa ediblər.

Builki festival böyük qırğız yazıçısı Çingiz Aytmatovun 95 illiyinə həsr olunub. Festivala Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Gürcüstan, Belarus və Rusiyadan da kinorejissorlar qatılıblar. Ümumilikdə proqramda 12 film yer alıb.

Filmlərin nümayişi MDB-yə üzv dövlətlərin Humanitar Əməkdaşlıq üzrə Dövlətlərarası Fondunun, Qırğız Respublikası Mədəniyyət, İnformasiya, İdman və Gənclər Siyasəti Nazirliyi yanında Kinematoqrafiya Departamentinin, “Aytış” ictimai fondunun dəstəyi ilə keçirilir.

Qeyd edək ki, kinofestival postsovet ölkələri arasında mədəni dialoqun inkişaf etdirilməsi, özünəməxsusluğunun qorunub saxlanılması məqsədilə 2011-ci ildə təsis edilib.