Dövlət Komissiyasının həmsədrləri görüşüblər

 

Baş nazirin müavini, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri Şahin Mustafayev ilə İranın yol və şəhərsalma naziri, komissiyanın həmsədri Mehrdad Bəzirpaş arasında iyulun 17-də İranın Astara şəhərində görüş keçirilib.

Nazirlər Kabinetinin mətbuat xidmətindən bildiriblər ki, görüşdə iki ölkə arasında regional və beynəlxalq nəqliyyat və kommunikasiya, o cümlədən enerji layihələri ilə bağlı məsələlər müzakirə olunub.

Tərəflər regionun tranzit potensialının inkişafı ilə bağlı səylərin davam etdirilməsinin vacibliyini vurğulayaraq, nəqliyyat kommunikasiyalarının inkişafına və şaxaləndirilməsinə yönəlmiş layihələrin sürətləndirilməsini məqsədəuyğun sayıblar.

Bununla bağlı, xüsusilə 2022-ci il martın 11-də imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında İran İslam Respublikası ərazisindən keçməklə Azərbaycan Respublikasının Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında yeni kommunikasiya bağlantılarının yaradılması haqqında” Anlaşma Memorandumun müddəalarının həyata keçirilməsi ilə bağlı tədbirlərin sürətləndirilməsi barədə razılaşıblar.

İki ölkə arasında nəqliyyat-kommunikasiyaların inkişafına yönəlmiş layihələrin həyata keçirilməsi ilə bağlı, Astara yük terminalının tikintisinin gələn ilin sonuna qədər başa çatması, Astaraçay üzərində avtomobil körpüsünün gömrük və sərhəd infrastrukturunun yaradılmasının tezliklə tamamlanmasının zəruriliyi bildirilib.