Tanınmış yazıçı, jurnalist, dramaturq Bayram İsgəndərlinin “Məni ürəyinizdə axtarın” adlı yeni kitabı işıq üzü görüb. Yeni nəşr bu il 80 illik yubileyini qeyd edən müəllifin oxucular qarşısında yaradıcılıq hesabatıdır.

Kitabda yazıçının müxtəlif illərdə qələbə aldığı böyüklər və uşaqlar üçün hekayələri, özbək, Ukrayna və rus ədəbiyyatından etdiyi tərcümələri, publisistik məqalələri, şeir və bayatıları yer alıb.

Bayram İsgəndərli oxucusuna qarşı çox sayğılıdır, onu dolaşıq fikirlər burulğanına salmaqdan uzaqdır. Yığcamlıq, təfərrüatdan qaçmaq, fikrin konkret, sadə və təsirli ifadəsi onun yaradıcılığını xarakterizə edən başlıca keyfiyyətlərdir. Bu kitabında yer alan nümunələrdə də yazıçı qayəsinin səmimi və lakonik şəkildə təqdimatı ilə qarşılaşırıq.

Bayram İsgəndərli uşaqların duyğusunu “oxuya” bilən yazıçılardandır. Əsərlərindəki səmimiyyət uşaqlar üçün qələmə aldığı hekayələrdə daha aydın təzahür edir. Kitabda verilmiş “Qardaşıma ad axtarıram”, “Yerə düşən günəş”, “Daha boyum çatır”, “Hikkəli xoruzun nağılı” və s. hekayələrdə uşaq dünyasının məsumluğu, saflığı öz əksini tapıb. Yeri gəlmişkən bildirək ki, müəllifin “Cırtdanın yeni sərgüzəşti” “Xeyirxah kirpi”, “Siçanların kələyi”, “Meşə əhvalatı”, “Yalanlara inanmayın” pyesləri müxtəlif vaxtlarda Naxçıvan Dövlət Kukla və Naxçıvan Dövlət Uşaq teatrlarında tamaşaya qoyulub.

Xatırladaq ki, bundan əvvəl yazıçının “Bir payız günü”, “Günəş həmişə olacaq”, “Balaca nağılçı”, “Yeddi ilin ayrılığı”, “Vaxtla üz-üzə”, “Sevgi məktubları”, “Qorxaq ayı balası Toxmaq”, “Çil xoruzun aqibəti”, “Bu qatar hara gedir?”, “Qarabağdan gələn duman” adlı hekayələrdən ibarət kitabları çap olunub.