İyulun 22-si ölkəmizdə Milli Mətbuat Günü kimi qeyd olunur. Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra bir çox milli-mənəvi dəyərlərə qayıdış mətbuat sahəsində də özünü göstərib. Hazırda respublikada çox sayda müxtəlif qəzet və jurnallar nəşr olunur, onlayn xəbər portalları fəaliyyət göstərir.

Respublika Gənclər Kitabxanasında bu əlamətdar gün münasibətilə silsilə materiallar – videomaterial, biblioqrafik siyahı, virtual və ənənəvi sərgi hazırlanıb.

Kitabxana əməkdaşları tərəfindən hazırlanan videoçarxda Azərbaycanda mətbuatın təməlini qoyan “Əkinçi” qəzetinin yaranma dönəmi, tarixi, inkişafı haqqında geniş məlumat verilir və qəzetinin nüsxələrinin görüntüləri təqdim edilir. Materialda 1998-ci ildə Ümummilli lider Heydər Əliyevin qərarı ilə Azərbaycan mətbuatının üzərindən dövlət senzurasının ləğv edilməsi ilə ölkəmizdə söz və mətbuat azadlığının əsasının qoyulmasından, bu islahatların mətbuatın inkişafına ciddi təkan verməsindən, müasir dövrdə informasiya texnologiyalarının inkişafının Azərbaycan mətbuatını qlobal informasiya şəbəkəsinin bir hissəsinə çevirməsindən bəhs edilir. Videomaterialda Azərbaycanda müasir jurnalistikanın özəllikləri haqqında da bəhs edilir, bu sahədə qəbul edilən sərəncam və fərmanlar haqqında məlumat verilir.

Virtual kitab sərgisində Ulu öndər Heydər Əliyevin, Prezident İlham Əliyevin və bir sıra görkəmli dövlət xadimlərinin mətbuat, söz azadlığı mövzusunda söylədikləri dəyərli fikirlər yer alır. Burada Həsən bəy Zərdabinin həyat və yaradıcılığı, “Əkinçi” qəzetinin yaranma tarixi, qəzetin ərsəyə gəlməsində əməyi keçən dahi Azərbaycan simaları haqqında məlumat təqdim olunur. Həmçinin, “Heydər Əliyev və mətbuat”, “Azərbaycan mətbuat tarixi”, “Həsən bəy Zərdabinin etnoqrafik görüşləri”, “Azərbaycan diasporu və milli mətbuat” kimi 20-dən çox kitabın biblioqrafik təsviri verilir.

Biblioqrafik siyahıda Azərbaycan mətbuatının tarixindən, inkişaf mərhələlərindən bəhs edən 60-dan çox kitabın, 40-dan çox dövri mətbuat materialının biblioqrafik təsviri əks olunur.

Milli Mətbuat Günü ilə əlaqədar hazırlanan materiallar kitabxananın rəsmi saytında (https://ryl.az/virtual/multimediya; https://ryl.az/virtual/virtual-kitab-sergileri) yerləşdirilib.