Göyçayda Rəsul Rzanın Ev-Muzeyində 22 iyul – Milli Mətbuat Günü ilə əlaqədar “Heydər Əliyev və Azərbaycan mətbuatı” mövzusunda dəyirmi masa təşkil olunub.

Tədbirdə “Göyçay” qəzetinin, rayon Tarix-Diyarşünaslıq Muzeyinin əməkdaşları, mətbuat işçiləri, yazarlar və rəssamlar iştirak ediblər.

“Göyçay” qəzetinin redaktoru Adil Məmməd tədbiri açaraq milli mətbuatın yaranma tarixindən danışıb. Qeyd edib ki, cəmi 56 nömrəsi işıq üzü görsə də, “Əkinçi” qəzeti Azərbaycan milli mətbuatının təşəkkül tapmasında böyük əhəmiyyət daşıyıb. Qəzet az müddətdə həm ziyalı təbəqə, həm də sadə insanlar arasında çox məşhurlaşıb.

Daha sonra çıxış edənlər müasir Azərbaycan mətbuatının bu günündən və mətbuat işçilərinə dövlət tərəfindən göstərilən qayğıdan söz açıblar.